"Əliabbas müəllim başqa stulda əyləşir"

Rupor.az saytı Hacı Qalib Salahzadədən müsahibə alıb. Qalib Salahzadə bir çağırış Milli Məclisin deputatı olub. Müxtəlif mövzuları əhatə edən ovqat xarakterli müsahibəni diqqətinizə çatdırırıq
 
 
- Neçə çağırış deputat oldunuz?
 
- 2010-cu ildən 2015-ci ilə qədər deputat olmuşam. 

- Əvvəllər parlament seçkisində namizəd kimi iştirak etmişdiniz?
 
- 1995-ci ildə namizədliyimi irəli sürmüşdüm, Rəfael Allahverdiyevlə Ramiz Mehdiyev deputat seçilməyimə imkan vermədilər. 
 
- Həmin dairədən kim deputat seçildi?
 
- Bir qadın var idi, o deputat oldu. 
 
- Sizin rəqibiniz idi? 
 
- Xeyir, o mənim rəqibim ola bilməzdi. Həmin xanım İranda idi, onu çağırtdırdılar və Milli Məclisə saldılar. 
 
- Söhbət kimdən gedir?
 
- Milli Məclisin həm birinci və ikinci çağırış seçkilərində 17 saylı Sabunçu-Əzizbəyov seçki dairəsinin deputatı olan Əsmətxanım Məmmədova görkəmli muğam ifaçısı, Xalq artisti Əlibaba Məmmədovun, səhv etmirəmsə, bacısı qızıdır. 
 
- Dediz, Əsmətxanım İranda idi. Orda yaşayırdı?
 
- Yox, onlar Maştağadandırlar. Dəqiq bilmirəm, İranda neynirdi, bəlkə ezamiyətə getmişdi, bəlkə orda işləyirdi, bu barədə məlumatım yoxdur. Bircə onu bilirəm ki, Əsmətxanım farsşünas idi. İndiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdi. 
 
- Əsmətxanımın deputatlı karyerasına 2005-ci ildə son qoyuldu, eləmi?
 
- Bəli. Həmin dairədən Eldar Quliyev namizəd oldu. Deyəsən, Eldar Quliyev hansısa əlavə seçkidə parlamentə düşdü. Hazırda da deputatdır və açığını deyim çox yaxşı deputatdır. Camaatın qulluğunda dayanan, sidq ürəklə dövlətə xidmət edən adamdır. 
 
- Siz növbəti dəfə 2010-cu ildə 27 saylı dairədən parlament seçkilərinə qatıldınz...
 
- Bəli. Həmin dairəyə Kürdəxanı, Pirşağı, Balaxanı, Sabunçu, Ramana və Zabratın bir hissəsi daxildir. 
 
- Seçkidə rəqibləriniz kim idi?
 
- O qədər namizəd varıydı... Amma nə rəqib, mənə rəqib yox idi.
 
- Seçicilərin Sizdən başqa nisbətən dəstəklədiyi namizədlər də yox idi deyirsiniz?
 
- Sabunçuda əksəriyyət elə Qalibi deputat görmək istəyirdi. Bakı kəndinin adamları ilə ən düzgün danışmağı mən bacarıram. Kürdəxanıda görüş keçirirdik, seçicilər problemlərindən danışırdılar. Deyirdlər, qaz yoxdur, işıq yoxdur, su yoxdur... Mən də onlara cavab verdim ki, belə problemləri həll etmək üçün ağsaqqaların müraciət etməsi doğru olardı. Onların başının üstündən mənim sizə nəsə etməyim düz çıxmaz. Bəlkə elə ağsaqqalar həmin problemin daha rahat həll yolunu bilirlər. Axı Bakı kəndlərində, ümimiyyətlə, bakılı psixologiyasında ağsaqqallıq institutu hələ də qorunub saxlanır, onlara daim hörmətlə yanaşmaq bizim borcumuzdur. Yerli əhali ilə danışmağın xüsusi qaydaları var Bakı kəndlərində. Mən həmişə oğluma nəsihət edirəm ki, Bakı kəndlərində ağsaqqalların hörməti birincidir. Onlarla məsləhətləşmədən hansısa addımı atmaq həm düzgün deyil, həm də mütləq uğursuzluğa düçar olarsan. 
 
- Bakı kəndləri klassik düşüncə tərzini qoruyur.
 
- Bəli, ağsaqqal dünyagörümüş olur. Onunla məsləhətləşsən düzgün nəticələrə nail olarsan. Əgər kimsə dövlətin əleyhinə danışarsa, əmin olun ki, səndən əvvəl ağsaqqal onun cavabını verəcək. Həmin ağsaqqalların yanında hörmət qazanmaq lazımdır. Həqiqətən Bakı kəndlərin öz xüsusiyyəti var. 
 
- Siz 5 il deputat olmusunuz. Qazancınız çox oldu, itkiniz?
 
- Hörmətli jurnalist, sualınızın hansı mənada verilməsindən asılı olmayaraq, mən hər iki mənada anlaşıla bilən cavab verməyə çalışacam. Əgər Siz maddi mənada deyirsinizsə, mən 40 il “zavmaq”, yəni mağaza müdiri olmuşam, 10 il də sovxoz direktoru işləmişəm. Mənim kimi adama parlamentdən nə pul qazanmalıydı, yaxud məgər parlament pul qazanmaq yeridir? Mənəvi anlama gəldikdə isə, əlbəttə bir xalqın parlamentinin üzvü olmaq şərəfdir. Həm də Azərbaycan kimi xalqın. Əzəmətli Azərbaycan dövlətinin qanunverci orqanında təmsil olunmuşam. Həyatımın ən şərəfli günlərini yaşamışam demək. Xərcləməyə qalanda isə, insan dünyaya hər mənada xərcləmək üçün gəlir, ömrünü, həyatını, gəncliyini, pulunu xərcləyir. Əsas odur, mənliyini, kişiliyini, kimliyini, azərbaycanlılığını xərcləməyəsən. Şükür olsun yaradana ki, mən bu şətləri heç vaxt pozmamışam. 
 
- Hər halda 5 il başqalarından daha çox əmək haqqı almısız, deyirsiz bunu da qazanc kimi saymayaq?
 
Sən nə maraqlı oğlansan, ay qardaş. Mən 40 il pul qazanmışam. Mənim parlamentdən aldığım məvacibə ehtiyacım olmayıb axı. Bütün qaydalara, qanunlara əməl edərək on illərlə mağaza sahibi işləyən adamın deyirsiz pulu olmasın...
 
- Əslində belə sualı heç kimə verməzlər, ama söhbətin bu yerində soruşmasam da olmur. Üzr istəyib, soruşuram, nə qədər deputat məvacibi alırdınız?
 
- Üzr istəməyə ehtiyac yoxdur. Siz jurnalistsinizsə, hansı sualı istəsəniz müsahibə ünvanlaya bilərsiniz. Məni tanıyanlar da necə səmimi, açıq, gizlini olmayan insan olduğumu yaxşı bilirlər. Ola bilsin cavabıma inanmayacaqsız, ona görə də, “vallah” deyib cavab verirəm ki, aldığım məvacimin qədərindən heç vaxt xəbərim olmayıb. Heç kart məndə olub ki... Nəvələrimdən hansı götürüb, pulu hansı çıxarııb heç onu da bilməmişəm. 
 
- Heç onlardan bir dəfə də olsun soruşmamısınız?
 
- Vallah soruşmamışam.
 
- Penisya alırsınız?
 
- Əlbəttə. 
 
- Heç olmasa onun məbləğini bilirsiniz?
 
- Hə, onu bilirəm. Hazırda 4 min, daha doğrusu 3 min 997 manat pensiya alıram.
 
- Heç olmasa pensiyanı aparatdan özünüz çıxarırsınız?
 
- Xeyir. Yenə də nə pensiya kartını görmüşəm, nə onun içindəki pulu. Allah hamının balalarını, nəvələrini saxlasın. 
 
- Sizin dövrünüzdəki parlament yadınızda necə qalıb? Təsəvvürünüzdə həmin parlamentin şəklini çəksəniz hansı mənzərə alınar?
 
- Mənzərə deyəndə ki, mən təmsil olunduğum dövrün parlamenti çox səmərəli qərarlar qəbul edib. Deputatlar da həmin qərarların layihələrin hazırlanmasında, müzakirələrində, səsvermələrində fəal iştirak ediblər. Xarici əlaqələrimiz də genişlənib, millət vəkilinin seçicilərlə ünsiyyəti də daha sıx olub. Başqa nə deyim?
 
- Oqtay Əsədov necə spiker idi?
 
- Çox yaxşı. O, Milli Məclisi normal idarə edirdi. Onun dövründə bir dəfə də olsun parlamentdə qarşıdurma yaşanmayıb, deputatların ciddi narazılığı olmayıb. 
 
- Bəs Hüseyn Abdullayevlə, Fəzail Ağamalının davasına nə deyirsiz?
 
- Onların davası, məndən əvvəlki parlamentdə baş verib. Həmin dövrdə mən deputat deyildim. 
 
- Amma Oqtay Əsədov spiker idi. 
 
- Hə, elədir. Dünyanın bütün parlamenlərndə belə hadisələr yaşanır. Ancaq bizim Milli Məclisdə bəlkə də bir dəfə belə xoşagəlmz hadisə olub. Bu hadisənin yaşanmasında Oqtay Əsədovun nə günahı var ki. Mən Oqtay müəllimin pis davranışı ilə qarşılaşmamışam. 
 
- Hüseyn Abdullayevi yaxından tanıyırsınız?
 
- Yaxından deyəndə ki, Bigəhdə bağı var. Görüşmüşük də. Ancaq kimsə kimisə lap dərindən tanıya bilməz. Onun daxilən necə adam olduğunu, dərində nə düşündüyünü, hansı məqsədi güddüyünü, Allah yaxşı bilər, bir də özü.
 
- Oqtay Əsədovu tərifləyirsiz, onun dəfələrlə deputat seçildiyi dairənin sakinləri isə əksini deyir?
 
- Birincisi mən tərif söyləməkdən uzaq adamam. Sadəcə parlament idarəçiliyində Oqtay müəllimin yanlış addımlar atmadığını düşünürəm. Seçicinin deputatdan narazılığı isə həmişə olub olacaq da. Seçicilərin hamısı deputatından tam razı ola bilməz. 
 
- Hacı Qalibdən də həmçinin, eləmi?
 
- Bəs necə... Bu mövzuda qısa hadisə danışıb. Bilgədə bir yerlimiz yüyürdü maşının qabağına, mən də düşdüm ki, nə lazımdlr, nə baş verib? Dedi 4 ton çənim var, onu satmaq lazımdır. Mən də cavabında dedim ki, yaxşı satarıq. Daha nə deyim? Deputatdan görün nə istyirlər? Başqası olsaydı onun üstünə qışqırar, “ay kişi, mən çən satanam” deyib, acıqlanardı. Mənsə heç vaxt belə adam olmamışam. Kim nə istəyib, maksimum səviyyədə ona kömək etməyə çalışmışam, etmişəm də. Hələ söhbətin arxasına baxın, həmin adam sonradan gedib çayxanada danışırmışı ki, Həciyə demişəm çənimi satacaq. İndi mən neyləyim, onun təfəkkürü elədir, bilmir ki, kimə nə söz demək olar. Qardaş, belə düşüncədə minlərlə seçici var. İndi yazıq deputat gərək hərə ilə onun öz dilində danışsın, busa çox çətindir. Digər tərəfdən deputat yol, su, kanalizasiya çəkən deyil axı, yaxud pul paylayan... Nə bilim vallah, çox çətindir. Hərə bir düşüncədə, bir psixologiyadadır. 
 
- Bəs indiki parlament barədə nə deyə bilərsiniz? 
 
- Təbii ki, ancaq xoş sözlər. İndiki parlament keyfiyyət baxımından əvvəlkilərdən fərqlənir. Təkamül qanununa görə, belə də olmalıdır, hər ötən gün biz inkişafa qədəm qoymalıyıq. Milli Məclisin hörmətli sədri, spikerimiz Sahibə xanım Qafarova həqiqətən tərifə layiqdir. Həm savadlı, həm bacarıqlı, həm Vətən, xalq, millət sevgisi ilə yaşayan bir insandır. Sahibə xanım parlamenti olduqca savadlı, təmkinli, yeni dövrün tələblərinə uyğun idarə edir. Sahibə xanım əsl spiker nümunəsidir. 
 
- Əvvəlki spikeri də təriflədiniz, indiki spikeri də...
 
- Bu yanaşmanızla razı deyiləm. Kimisə tərifləmirəm, sadəcə insanarda yaxşını görmək vacibdir. Mən ancaq yaxşıları görməyə çalışıram. Onda həyat da gözəl olur. İnsan Allahın ən mükəmməl əsəridir. Allah yaratdığı pis ola bilməz. 
 
- Parlamentdə dostluq etdiyiniz deputatlar olub?
 
- Ən yaxın dostlarım Hacı Madər Musayev və yan-yana oturduğumuz Azər Badamov olub, indi də daha sıx əlaqələrimiz var. Biz Hacı Madərlə lap çoxdan dostuq. O, çox ləyaqətli insandır. Azər Badamov da olduqca təmiz, səmimi, ağıllı, dövlətçi şəxsiyyətdir. 
 
- Soyuq münasibət saxladığınız deputatlar olub?
 
- Xeyr, hamıyla izzət və hörmətlə davranmışam. Sadəcə daha deputat deyildim, Çingiz Qənizadə mətbautda 4 dəfə mənim adımı çəkib əleyhimə danışaraq, Zakir Qaralovu müdafiə edib. 
 
- Siz nə vaxtsa Zakir Qaralovu tənqid etmişdiniz? 
 
- Mən həmişə Zakir Qaralovu tənqid etmişəm. O, 20 il mənimlə düşmənçilik edib, 20 il məni həbs etdirmək istəyib. Zakir Sabunçuda prokuror işləyəndə Zəfəran sovxozundan torpaq istəyib verməmişəm. 
 
- Zəfəran kimi bahalı bitkinin sahəsini torpaq kimi kiməsə necə vermək olar...
 
- Eh, kim əleyhimə olubsa, torpağa görə olub. Elə hadisələr olub ki, yazsan iki kitaba sığmaz. 
 
- Çingiz Qənizadəyə cavab verdiniz?
 
- Bəli. Ortaya elə faktlar qoydum ki, danışa bilmədi. Çingiz Bakı şəhər prokuroru olanda zirəli Mustafaya işgəncə vermişdilər. Musatfa da onlara keçmirdi. Məndən çox hörmətli bir vəzifə adamı xahiş etdi, Çingizin məhkəməsində oldum. Bakının ağsaqqalraından biri kimi, məhkəməyə gedib Mustafadan xahiş etdim. Mustafa onda Artyomun icra nümayəndəsi idi. Dedim ki, Çingizi bağışlamalısan. Dedi, Həci baş üstə. Bütün respublika xahiş edirdi keçmirdi. Mən Çingiz Qənizadəni dəmir barmaqlıqlar arxasnda görmüşdüm. Məhkəmədə də oturdum ki, birdən Mustafa sözündən dönər. Bu Hacı Qalib, o da Çingiz. Boş verin həyat belədir. 
 
- 2020-ci ildə Milli Məclisə keçirilən seçkidə niyə namizədliyinizi vermədiniz? 
 
- Bilirsən, gərək bir addım atanda yüz ölçüb bir biçəsən. Mən də ölçüb biçdim və belə qərar verdim. Oğlum da icrada işləyirdi. Dedi, ata məni hamı tanıyır, hörmətimi saxlayır. Daim sakinlərlə təmasda olmuşam, bəlkə parlamentə namizədliyimi irəli sürüm. Mən də xeyir-dua verdim.
 
- Oğlunuz Əliabbas Salahzadə parlamentdə sizin kresloda oturur?
 
- Nə əntiqə sual oldu bu. Parlamentə mənim, sənin kreslon deyilən anlam yoxdur. Oturduğumuz stullara qaldqda isə, xeyir, Əliabbas müəllim başqa stulda əyləşir. O, parlamentə mənim yerimə seçilməyib. Sabunçu İcra hakimiyyətində hümanitar sahəyə rəhbərlik edib 14 il. Onu hamı yaxşı tanıyır və xətrini də çox istəyirlər. Oğlum həmişə insanların qulluğunda dayanıb. Belə adama niyə səs verməsinlər ki?..
 
- Harda susmaq, harda danışmaq mövzusunda oğlunuza tövsiyələiniz olurmu?
 
- Ehtiyac yoxdur. Əliabbas Salahzadə hər şeyin yerini dəqiqliyi ilə bilən insandır. Onun kimsəyə heç vaxt problemi olmur, seçiciləri ilə də çox sıx münasibətdədir. 
 
- İndi dövlət tədbirlərinə dəvət alırsınız?
 
- Bilirsiniz, mən deputat olanda da dövlət tədbirlərində iştiraka can atmırdım. Mən öz yerimi, səviyyəmi bilən adamam. Hörmətli akademik Cəlal Əliyevi 18 yaşım olandan tanıyırdm, o da məni tanıyırdı və boynumda da haqqı-sayı var. Mən deputat olanda, rəhmətlik Cəlal müəllim də deputat idi. İclaslara gec-gec gəlirdi. Bir gün səbəbini soruşdum dedi ki, ölkədə hər şey qaydasındadır. Prezidentimiz İlham Əliyev Azərbaycanı gül kimi idarə edir, daha mənim söz deməyimə nə ehtiyac var. Dedi mən alim adamam gərək nəsə çatışmazlıq olsun ki, danışım, maşallah da hər şey qaydasındadır. İndi də mənə dövlət tədbirlərində nə ehtiyac var axı? Ölkə əla idarə olunur, deyəcəyim, təklif edəcəyim, fikir bildirəcəyim qlobal problem yoxdur. 
 
- Azərbaycan Prezidenti İlham Əliyevlə şəxsən görüşünüz olub?
 
- Mən Prezidentimizi 1987-ci ildən tanıyıram, görüşlərimiz də olub. Şahidlərim var, mən elə o vaxtdan deyirdim ki, İlham Əliyev çox mərd, düzgün, təmkinli, tədbirli, güclü, iradəli, insanpərəst bir gəncdir. Necə xarakterizə etmişdim, elə də oldu. İlham Əliyev Prezident seçildi, xarakterində zərrə qədər də mənfi dəyişiklik olmadı. Adətən deyirlər vəzifə insanı dəyişir. Xeyir. Cənab Prezidentimiz ali xarakterini qoruyub saxlamaqla yanaşı onu nümunə kimi xalqına da sirayət etdirdi. 
 
- 44 günlük müharibə günləri yaddaşınızda necə qalıb?
 
Necə qalıb yox e, necə həkk olub. Hər gün televizorun qarşısında oturub, Prezidentimizin çıxışını, xoş xəbərini gözləyirdim. Hər bir xəbəri göz yaşları ilə qarşlayırdım. Hər gün ağlamışam, ancaq kişi kimi, kimsənin yanında yox. İndi danışıram, yenə gözlərim yaşarır. Bilirsiz niyə? Əlbəttə, sevinirdim, amma bununla yanaşı, İlham Əliyevin bu qədər ağır yükü çiyinlərində necə mərdcəsinə daşıdığna baxıb özümü saxlaya bilmirdim. Azərbaycanın son 200 illik tarixində yaşanmayan hadisəni bizə yaşatdı Prezidentimiz. 30 il işğalda qalan Şuşanı geri alan adam haqqında deyəcəyimiz sözlər bəlkə də hələ yaranmayıb. Biz hisslərimizi izah etmək üçün nəsə başqa sözlər yaratmalıyıq. Prezident xarici mətbuata müsahibə verəndə qərəzli suallar ünvanlayan pis jurnalistləri televizordan sillələyirdim. Elə əsəbləşirdim ki, televizorun başına qapaz çəkirdim – jurnalistin oturduğu tərəfi döyəcləyirdim. Qarabağ qələbəsinin sahibi Ali baş Komandan Heydər Əliyevin oğlu Ali Baş Komanda İlham Əliyev, ordu və xalqdır. Əlbəttə, müharibədə müttəfiqlər də olmalıdır. Bu mənada Türkiyəyə də böyük minnətdarlıq düşür. Bütün ölkə Prezidentin ətrafında birləşib. Bu birlikdən qorxuya düşənlər isə bizdən deyillər. Bəli ölkdə 5-ci kalon da var, 6-cı kalon da. Sadəcə qulaqlarını açıb eşitsinlər, biz kimsə imlan vermərik ki, əbədi qələbəmizə zərrə də kölgə salsın. 
 
- Qalib bəy, mətbuatda Sizin Həc ziyarətində dəfələrlə olmağınızla bağlı da eyhamlara yer verilib. Bu barədə nə deyə bilərsiz?

- Nə deyəcəm, məgər Həccə getmək qəbuledulməz hərəkətdir? Bəli, müqəddəs yerlərdə dəfələrlə olmuşam. Ancaq heç vaxt tək getməmişəm. Mən bu günə qədər 500 nəfərdən çox insanı Həccə göndərmişəm. Mətbuat bu faktı da yazsın, xahiş edirəm. 
 
- İranın Azərbaycana qarşı daim qeyri-səmimi münasibət göstərməsi ilə bağlı hər hansı fikriniz varmı?
 
- Azərbaycan güclü dövlətdir. Vətən müharibəsindəki qələbəmizdən sonra daha da güclənmişik və diqtə edən tərəfə çevrilmişik. Belə olan təqdirdə, qonşuda bizi gözü götürməyənlər olacaq. İran Azərbaycanın inkişafına tarixən qısqanclıqla yanaşıb, səbəblərindən biri də, Təbriz amilidir. Mən siyasətçi deyiləm, ona görə də dəqiq nəsə deməyim düzgün olmaz. Bircə onu bilirəm ki, Nə İran, nə Rusya, nə Fransa, nə ABŞ Azərbaycanın qarşısına çıxa bilməz. Ölkəmiz bundan sonra daha da güclənəcək, varlanacaq, genişlənəcək və xalqın sosial rifahı yüksələcək. 
 
- Mətbuat Şeyximizi də İranın xoşagəlməz siyasətinə qarşı susqunluq nümayiş etdirməkdə qınayır. 
 
- Birincisi, bu sualın mənə aidiyyatı yoxdur. İkincisi, hörmətli Şeyximiz Allahşükür Paşazadə öz işini hamımızdan yaxş bilir. Həmçinin İranın hərəkəti, bir daha təkrar edim ki, siyasi məsələdir və siyasətçilərimiz də onların cavabını necə lazımdır verirlər, verəcəklər də. Onu da deyim ki, Azərbaycan İrandan çox güclü dövlətdir. Bizdə demokratik quruluşdur, söz azadlığı var, İranda isə bu yöndə vəziyyət yaxşı deyil. İran bizdən yox, daxilindəki xalqdan çəkinsin.
 
- Söhbətimizın əvvəlində dediniz ki, Sizə qarşı həmişə torpaq üstündə düşmənçilik ediblər. Mətbuat yazır ki, yenə torpaq mübahisəsi ilə baş-başa qalmısız...
 
- Bu mövzuda mətbuatda xeyli yazılar dərc olunub, hələ davamı da gələcək.  Bu müsahibə ovqat xaraktelidir, yenidən torpaq söhbətinə qayıdıb, oxucuları yormaq istəmirəm. Bircə onu deyirəm ki, ağıllı olsunlar. Hacı Qaliblə Bilgədə belə məkrli oyun qurmaq heç kimin bacaracağı iş deyil. Haqq var, ədalət var, hüqüq var, qanun var. Hər şey mən tərəfdədir. Bu söhbətdə bir nöqtə də əleyhimə işləyən nüans yoxdur. Ədalətli məhkəməmiz öz sözünü deyib, yenə deyəcək. O adamlar gözlərini bir daha yaxş-yaxşı açıb, kiminlə üz-üzə dayandıqlarını görsünlər, anlasınar, qansınlar.