Əliabbas Salahzadə: “Tarixi həqiqətlər axtarışı”nda olan Co Bayden ölkəsinin tarixini öyrənsin

 Milli Məclisin deputatı Əliabbas Salahzadə  ABŞ Prezidenti Co Baydenin  24 aprel bəyanatına münasibət bildirərək qeyd edib ki, əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli, bu iş tarixçilərə həvalə olunaraq dünya arxivlərinin açılması əsasında  həqiqətlər üzə çıxmalı,  dünya dövlətləri  ədalət meyarını öndə saxlayaraq erməni yalanlarına haqq qazandırmaqdan əl çəkməlidirlər: “Qondarma “erməni soyqırımı” məsələsi ikili standartlar siyasətinin təzahürüdür. Sual olunur- “tarixi həqiqətlər axtarışı”nda olan dairələr niyə  erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəmirlər?  Reallıq budur ki, ermənilər havadarlarının dəstəyi ilə illərdir tarixdə heç zaman olmayan uydurma “erməni soyqırımı” məsələsini  gündəmə  gətirərək ondan siyasi məqsədlər üçün istifadə edirlər. 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyaraq ermənilərlə həmrəylik nümayiş etdirən ölkələr sırasında Uruqvay, Cənubi Kipr, Argentina, Rusiya, Yunanıstan, Kanada, Livan, Belçika, Vatikan, İtaliya, Fransa, İsveçrə, Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, Litva, Çili, Boliviya, Braziliya, Lüksemburq, Bolqarıstan, Avstriya və Suriya yer alır.  Bu dövlətlərin heç bir araşdırma aparmadan öz maraqlarına uyğun olaraq ermənilərə dəstək missiyasını yerinə yetirmələri çoxsaylı sualların yaranmasına səbəb olur. Bu addım yalnız  məsuliyyətsizlik deyil, tarixə, beynəlxalq hüquqa hörmətsizlik, tarixin inkarıdır. Belə olan təqdirdə dünyanın aparıcı dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlarından ədalətli yanaşma gözləmək nə dərəcədə real görünə bilər? Baydenə qədər ABŞ-ın heç bir prezidentinin “erməni soyqırımı”  ifadəsini işlətməməsi,  məhz indi dilə gətirilməsi sual doğurmaya bilməz. Niyə indi?”

    Ə.Salahzadə vurğulayıb ki, Türkiyənin nüfuzunun artması, həmçinin yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması, Azərbaycanın yaratdığı yeni reallıqlar əsasında  bölgədə və dünyada ölkəmizin  diktə edən tərəf kimi çıxış etməsi qürurvericidir: “İki dost, qardaş ölkənin uğurlarını həzm edə bilməyən, bu səbəbdən də onların ünvanına əsassız iddialarla çıxış edən dövlətlər  44 günlük Vətən müharibəsində ədalət deyilən meyarın mövcudlunun şahidi oldular. Azərbaycan arxada qalan illərdə gücləndi, bütün sahələrdə güclü potensiala malik oldu. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Türkiyə-Azərbaycan birliyi, həmrəyliyi dünyaya nümunədir.  Hər iki dövlətin siyasi iradəsi əsasında reaallaşan layihələr  dövlətlər, xalqlar arasında dostluq körpüsünə yeni əlavələr edir. Bu gün böyük qürur hissi ilə qeyd edirik  ki, böyük öndər  Mustafa Kamal Atatürkün  qeyd etdiyi kimi, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir. Vətən müharibəsində Azərbaycanın yanında olan Türkiyənin  Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” bəyanatını səsləndirdi. Bu birlik, həmrəylik sayəsində nəinki Azərbaycanda, qardaş ölkədə də  tarixi  Zəfərimizin sevinci yüksək əhval-ruhiyyə ilə qeyd edildi, küçə və meydanlarımız bayraqlarımızla bəzədildi. Bu gün bu fikri də böyük inamla qeyd edirik ki, tezliklə qondarma “erməni soyqırımı” məsələsi  də  bu birliyimiz sayəsində tarixə qovuşacaq.”

 "Erməni soyqırımı" iddialarını tanıyan ölkələrin coğrafiyasının da maraqlı olduğunu xüsusi vurğulayan  Ə.Salahzadə bildirib ki,  Avropa  qitəsində bu qərarı qəbul edən ölkələrin əksəriyyəti  Avropa Birliyinin üzvüdür:  “Onlar Türkiyənin  bu quruma üzv qəbul olunmasının tərəfdarı olmadıqları üçün  qondarma “erməni soyqırımı” məsələsindən siyasi məqsədləri üçün istifadə edirlər.”

  Millət vəkili qeyd edib ki, zaman gələcək həqiqət öz yerini tutacaq:  “Bu gün maraqları naminə ədaləti, beynəlxalq hüququ tapdalayan dövlətlər zamanı çatanda  tarixi səhvlərini etiraf edəcəklər. Təsadüfi deyildir ki, dövlətimizin başçısı  İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında  ABŞ Prezidenti Co  Baydenin qondarma  "erməni soyqırımı” ilə əlaqədar bəyanatına münasibət bildirərkən  bu qərarı  tarixi səhv adlandıraraq onun qəbuledilməz olduğunu  vurğulamışdır. Ölkə Prezidenti, eyni zamanda, bu qərarın  regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu diqqətə çatdırmışdır.”

    Ə.Salahzadə bildirib ki, 30 ilə yaxın dövrdə  Azərbaycanı  dəstəkləyən dövlətlər reallıqda onun əksinə addım atıblar: “Amma  Azərbaycan öz gücünü, tarixi həqiqətlərə əsaslanan təbliğatını ortaya qoydu. Ermənistanı və ona havadarlıq edən dövlətləri yaratdığı yeni reallıqlarla barışmağa məcbur etdi. Əminik ki,  “erməni soyqırımı” məsələsi ilə bağlı da apardığımız informasiya mübarizəsindən qalib çıxacağıq.  Dövlətimizin başçısı İlham Əliyevin “Bir millətin iki diasporu ola bilməz” tezisi Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birgə  fəaliyyətinin əsasını təşkil edir. Bu gün bu birlik özünü Baydenin məlum saxta bəyanatına münasibətdə də özünü nümayiş etdirir. Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi bütün çətinliklərdən uğurla çıxmaq, həqiqətin qələbəsinə nail olmaq gücündədir.”