Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və həyata keçirdiyi milli enerji strategiyası Azərbaycan tarixinin parlaq səhifələrindən biridir. Ümummilli Liderin uzaqgörənliyinin və siyasi iradəsinin təntənəsi hesab edilən “Əsrin müqaviləsi" beynəlxalq neft kontraktı sayəsində Azərbaycanın zəngin enerji resursları dünya bazarına çıxarıldı. Məhz bu tarixi hadisə nəticəsində ölkəmizin iqtisadi müstəqilliyinin əsası qoyuldu və regionda yeni geosiyasi reallıqlar formalaşdı. Bu strateji yol xəritəsi Azərbaycanı beynəlxalq enerji bazarında etibarlı tərəfdaşa və Cənubi Qafqaz regionun aparıcı güc mərkəzinə çevirdi.
Bu sözləri Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
O bildirib ki, ölkəmizin Ulu Öndər Heydər Əliyevlə başlayan enerji strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "İyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi öz möhtəşəmliyi ilə yadda qaldı. Tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir daha ölkəmizin qlobal enerji bazarındakı strateji rolunu və qabaqcıl mövqeyini nümayiş etdirdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan olduqca genişmiqyaslı islahatlar həyata keçirir. Neft və qazın bizim Ümumi Daxili Məhsulda payı təqribən 30 faizdən artıqdır və Azərbaycanın strateji maliyyə ehtiyatları ölkənin xarici borcunu 14 dəfə üstələyir. Bu isə analoquna çox nadir rast gəlinən bir faktordur".
Deputatın sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji layihələri - Cənub Qaz Dəhlizi, TANAP, TAP və digər təşəbbüslər çərçivəsində ölkəmiz Avropanın da etibarlı enerji tərəfdaşına çevrilib. Təsadüfi deyil ki, istehsal etdiyimiz təbii qaz bu gün enerji böhranı yaşayan Avropada Rusiya qazının əsas alternativi kimi qiymətləndirilir. Bununla yanaşı, yaşıl enerji sektoruna keçidin zəruriliyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin bu sahədə apardığı məqsədyönlü siyasəti xüsusi olaraq qeyd etdi. Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonalarının yaradılması, Xəzər dənizinin külək enerjisi potensialının reallaşdırılması və ekoloji təmiz mənbələr hesabına əldə olunan elektrik enerjisinin ixracı Azərbaycanın enerji siyasətinin çevik və dinamik xarakter daşıdığını bir daha sübut edir. Nəticə etibarilə Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsindəki çıxışı ölkəmizin enerji sektorunun uğurlarının məcmusu və ekoloji tarazlığa əsaslanan yeni enerji strategiyasının təqdimatı idi.