Ermənistan qlobal arenada marionet ölkə imicində çox miskin görünür

44 gün davam hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu düşməni darmadağın edərək tarixi ədaləti bərpa etməklə qüdrətini, eləcə də gücünü dünyaya nümayiş etdirdi. Bütün cəbhə istiqamətində ordumuzun açıq üstünlüyə malik olmasına baxmayaraq, ölkəmiz insanpərvərliyə, humanizm prinsiplərinə sadiq qalaraq üçtərəfli Bəyanata imza atmaqla sülhü seçdi. Ermənistan isə götürdüyü beynəlxalq öhdəlikləri növbəti dəfə yerinə yetirməyərək sülh sazişini imzalamaqdan məqsədli şəkildə yayınır. Reallq onu göstərir ki, Ermənistan müstəqil qərar qəbul etmək gücündə və imkanında deyil. Bunun cavabı sadədir. Ötən əsrin sonlarında müstəqilliyi elan olunsa da, Ermənistan heç vaxt sərbəst siyasət yürüdə bilməyib. İstiqlaliyyəti yalnız sənəd üzərində görünən Ermənistan qlobal arenada marionet ölkə imicində çox miskin görünür. Sülh sazişinin müzakirə olunduğu həssas məqamda sərhəddə təxribat yaradan Ermənistan Cənubi Qafqazda sabitliyin təmin edilməsində maraqlı olmayan və hər zaman bütün resursları ilə ölkəmizə qarşı fəaliyyət göstərən Fransadan öldürücü silahlar alır.

Halbuki, qarşı tərəf Azərbaycanın təqdim etdiyi 5 bəndlik beynəlxalq hüquqa əsaslanan sənəddə Ermənistan üçün qəbuledilməz heç nəyin olmadığını və həmin prinsiplərin kifayət qədər ədalətli olduğunu qeyd etmişdi. Ermənistanın əldə olunan razılaşmalardan ardıcıl geri çəkilməsi və sülh gündəliyində səmimi olmaması əslində, rəsmi İrəvanın müstəqil siyasət yürüdə bilməməsinin, ölkə kimi taleyinin öz əlində olmamasının təsdiqidir. ATƏT-in keçmiş Minsk qrupunun çətiri altında az qala bir qərinə gizlənən Ermənistan anlamalıdır ki, uğursuz manipulyasiya cəhdləri heç nəyi dəyişməyəcək. Əksinə, inkişaf, əmin-amanlıq, təhlükəsizlik, xoşbəxt həyatın yalnız sülh sazişindən sonra mümkün ola biləcəyini anlamalı və qəbul etməlidir.

Postmünaqişə dövründə bütün görüşlərdə, danışıqlarda Prezident İlham Əliyev erməni həmkarından fərqli olaraq humanizm və ədalət prinsiplərinə sadiq lider kimi regionda sülhün və əməkdaşlığın təmin olunması üçün açıq və dürüst siyasət yürütməklə nümunə sərgiləyir. Ölkə başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığına işgüzar səfəri də ölkəmizin sülhə sədaqətinin növbəti davamı idi.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. Deputat bildirib ki, Brüsseldə keçirilən görüşdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, eləcə də sərhəddəki vəziyyət müzakirə olunub. Dövlət başçımız Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə Brüsselə dəvətə görə təşəkkürünü bildirdi. Eyni zamanda görüşdə hər iki tərəf Brüssel formatının bərpasından məmnunluqlarını ifadə etdilər. 

Gözlənildiyi kimi, Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü baş tutdu. Prezident Şarl Mişel görüşün yekunlarına dair mətbuata açıqlamasında bəyan etdi ki, tərəflər “Alma-Ata Bəyannaməsi” ində qeyd olunduğu kimi ərazilərin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etməklə yanaşı, humanitar məsələlər, saxlanılan şəxslərin azad olunması, həmçinin itkin düşmüş şəxslərin taleyi və minaların təmizlənməsi işinin sürətləndirilməsi də müzakirə mövzusu oldu. Cənab Mişel xüsusi olaraq vurğuladı ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır. Sual yarana bilər, son üç ildə Paşinyan belə nümunə sərgiləyibmi? Şübhəsiz ki, yox. 

Əslində, bu görüşlərin keçirilməsində qazanan tərəf Ermənistan yox, siyasətçi olaraq Nikol Paşinyandır. Belə ki, erməni mənbələrinin də etiraf etdiyi kimi, hər dəfə Azərbaycan lideri ilə görüşdə Paşinyan Prezident İlham Əliyevdən nə isə öyrənir. Cənab Əliyevin liderlik xüsusiyyətləri, Vətəninə, xalqına bağlılıq kimi unikal dəyərlər Paşinyan üçün əyani dərs vəsaitidir. Ümid edək ki, Nikol Paşinyan Prezident İlham Əliyevdən vədinə və sözünə sadiqliyi də öyrənəcək. 

Deputat sonda qeyd edib ki, indi regionda diqtə edən tərəf tələblərində tam haqlı olan Azərbaycandır. Azərbaycan liderinin uzatdığı barış əlindən Ermənistan ciddi nəticə çıxarmalıdır. Çünki qarşı tərəf və ona himayədarlıq edənlər anlamalıdırlar ki, uzadılmış həmin əl yığılıb yenidən yumruğa çevrilsə, bu, Ermənistan üçün daha ölümcül olacaq. Düşünürəm ki, rəsmi İrəvan tarixində ilkə imza ataraq müstəqil qərar qəbul etməlidir.