“Naxçıvana yollar açılmadıqca dotasiyanın azaldılması doğru addım olmaz”.
Sabahinfo.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, yaxın gələcəkdə TRIPP layihəsinin icrası Naxçıvanla əlaqələrin qurulması və muxtar respublikanın hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, Naxçıvana ayrılan dotasiyanın 2026-cı il dövlət büdcəsində 198 milyon manat nəzərdə tutulması ötən illə müqayisədə 6,4 faiz azalma deməkdir.
F.Mustafa hesab edir ki, mövcud vəziyyətdə bu məsələyə yenidən baxılmalıdır. Çünki yol problemi Naxçıvanda iqtisadi canlanmaya və müxtəlif layihələrin həyata keçirilməsinə mane olur.
O, muxtar respublikada işsizlik və sosial problemlərin də ciddi narazılıq doğurduğunu diqqətə çatdırıb. Deputat xüsusilə səhiyyə sahəsində kadr çatışmazlığına və xəstələrin müalicə üçün Bakıya gəlməkdə üzləşdikləri çətinliklərə diqqət çəkib.
F.Mustafa vurğulayıb ki, Naxçıvana gediş-gəliş imkanları məhdud olduğu müddətdə dotasiyanın azaldılması əvəzinə, artırılması imkanları nəzərdən keçirilməlidir. Onun təklifinə görə, xüsusilə xəstələrin müalicə məqsədilə Bakıya ödənişsiz gedib-gəlməsini təmin edəcək mexanizm yaradılmalıdır.