Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Sabahinfo.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.
İclasda ilk olaraq Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında SOCAR, “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” arasında dəyişdirilmiş sazişin təsdiq edilməsi müzakirə olunacaq.
Bundan başqa, “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulma məsələsinə baxılacaq.
Deputatlar “Telekommunikasiya haqqında” Qanuna dəyişiklikləri (üçüncü oxunuş), Miqrasiya Məcəlləsinə dəyişiklikləri, eləcə də Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə dəyişiklikləri müzakirə edəcəklər.
Gündəliyə, həmçinin Mülki Məcəlləyə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna, eləcə də Mülki Məcəlləyə və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna dəyişikliklər daxildir. Hər iki layihə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
İclasda ilk oxunuşda “Maraqlar toqquşması haqqında” qanun layihəsi, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna dəyişikliklər və “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər də müzakirə olunacaq.