FHN-in birgə təşkilatçılığı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə 10 dekabr 2025-ci il tarixində “Marriott Hotel Boulevard”da III Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək.

“Dönüş nöqtəsi” konsept mesajı ilə təşkil olunacaq tədbir dövlət və özəl sektorun nüfuzlu nümayəndələrini bir araya gətirərək sənaye təhlükəsizliyi, texnoloji yeniliklər, iqlim dəyişikliyi və sosial transformasiyalar fonunda formalaşan yeni yanaşmalar, innovasiyalar və qlobal təcrübələrin müzakirəsi üçün strateji platforma rolunu oynayacaq.

Sənaye Təhlükəsizliyi Zirvəsində Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) arasında sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində mühüm əhəmiyyətə malik üçtərəfli əməkdaşlıq memorandumunun imzalanması nəzərdə tutulur. Memorandum çərçivəsində tərəflər təhlükəsizlik normativləri, ISO idarəetmə sistemləri və ESG prinsipləri üzrə birgə fəaliyyət göstərəcəklər.

Tədbir ümumilikdə “Qırmızı xətt” panelindən, “Safe Talks” adlı müzakirədən və “HSE Awards” təltifetmə mərasimindən ibarət olacaq. Proqram, həmçinin 10 spiker və 2 moderatorun iştirakı ilə üç əsas sessiyada keçiriləcək.

“Qırmızı xətt” adlı paneldə ekspertlər sənaye təhlükəsizliyində texnologiya və süni intellektin tətbiqinin yaratdığı yüksək risk zonalarını, texnologiyanın insan faktorunu hansı hallarda əvəz edə bilmədiyini, süni intellektin yaratdığı fürsətləri müzakirə edəcəklər.

“Safe Talks” sessiyası AISA-nın sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində maarifləndirici podkast seriyasının davamı olaraq ilk dəfə canlı formatda təqdim ediləcək. Xüsusi qonağın iştirakı ilə keçiriləcək interaktiv müzakirələr təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına töhfə verəcək.

“HSE Awards” təltifetmə mərasimində isə fərqli sənaye sektorları üzrə sağlamlıq, təhlükəsizlik və ətraf mühit təcrübələrində fərqlənən təşkilat və şəxslər mükafatlandırılacaq. Bu mükafatlar SƏTƏMM sahəsində mükəmməllik yanaşmasını təşviq etməyə və daha təhlükəsiz, dayanıqlı biznes həllərini önə çıxarmağa xidmət edir.