Bu gün, dekabr ayının 10-da paytaxt Bakımızın Azadlıq meydanında Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi! Əslində bu paradı bütün dünyaya haqqın, ədalətin hər zaman və bütün hallarda qalib olduğunun nümayişi adlandırmaq olar. Əlbəttə ki, əgər bu ədalətin arxasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi müdrik və qətiyyətli Ali Baş Komandan və Müzəfər Azərbaycan Ordusu kimi qüdrətli bir ordu durarsa.
Azərbaycan son 30 il ərzində
öz əzəli haqqının təmin edilməsinə, tarixi torpaqlarının işğaldan azad
olunmasına və ərazi bütövlüyünün bərpasına sülh yolu ilə nail olmaq üçün bütün
mümkün olan imkanları sınadı. Bu illər ərzində ən mötəbər beynəlxalq təşkilatlar,
dünyanın ən nüfuzlu dövlətləri tərəfindən təklif olunan bütün variantlar nəzərdən
keçirildi. Vasitəçilər təyin edildi, müzakirələr aparıldı. Lakin sonda məlum
oldu ki, bütün bu cəhdlər sən demə Azərbaycanın öz ərazilərinin işğalı faktı ilə
barışacağı günə qədər münaqişəni dondurmaq və son nəticədə tarixi Azərbaycan
torpaqlarında ikinci erməni dövləti yaratmaq məqsədini güdürmüş. Amma bu xain
planın tərtibatçıları əvvəldən yanlış yolda olduqlarını dərk etməli idilər.
Çünki, Ölkə Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən açıq və
birmənalı şəkildə bəyan etmişdi ki, Azərbaycan öz ərazilərinin işğalı ilə heç
vaxt barışmayacaq və biz öz torpaqlarımızı istənilən yolla azad edəcəyik.
Bu gün Bakının Azadlıq
meydanında keçirilmiş Zəfər paradı həmçinin Azərbaycan – Türkiyə qardaşlığının
da daha bir nümayişi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı Zəfər paradında Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın
iştirak etmələri bu qardaşlığın əbədi və sarsılmaz olduğunu bir daha təsdiq
etmiş oldu.
Səttar
Möhbalıyev,