Atatürk aeroportu işini bərpa etdi

Terrorçu-kamikadzelərin hücumuna məruz qalmış İstanbulun Atatürk hava limanı fəaliyyətini bərpa edib.   

APA-nın "Haberturk”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.  

 "Biz hava limanını açdıq, aviadaşımalar bərpa olunub”, - deyə baş nazir bildirib.  

 Qeyd edək ki, bundan əvvəl Atatürk aeroportunun fəaliyyətinin yerli vaxtla səhər 08.00-dək dayandırılması barədə məlumat yayılmışdı.

 Son məlumata görə, üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

 Terror aktının İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.