Çin müdrikliyi: liderlik iddiası ilə təhdidlər arasında

Rəsmi Pekin qlobal iqtisadiyyatın vəziyyətinə təsir edə biləcək yeni layihələr reallaşdırmaqdadır. "Yeni İpək Yolu" bu sırada mütəxəssislərin diqqətini daha çox çəkir. Həmin çərçivədə Pekin hazırda rentabelliyi olmayan Qazaxıstan-Rusiya dəmiryolu vasitəsilə yükləri Avropaya çatdırır.

sabahinfo.Az newtimes.az-a istinadən bildirir ki, ekspertlər bu marşrutun vurduğu ziyan haqqında açıq yazırlar. Belə ki, su yolu dəmiryolundan dəfələrlə ucuz başa gəlir. Əgər bir konteynerin Avropaya dəmiryolu vasitəsilə çatdırılması 6.000 ABŞ dollarına başa gəlirsə, dənizdə bu, cəmi 1000 ABŞ dolları həcmində xərc tələb edir. Bu cür fərqə baxmayaraq, rəsmi Pekin Qazaxıstan və Rusiya istiqamətində yükdaşımalarının həcmini daimi artırır. Çinin bundan zərər çəkən əyalətlərinə isə dövlət büdcəsindən kompensasiyalar verilir. Çinin məqsədi nədən ibarətdir?

Bahalı marşrut: Pekin niyə onu seçib?

Çinin sürətli inkişafına heç kəs şübhə etmir. Onun hətta ABŞ-ı belə arxada qoya biləcəyi haqqında proqnozlar verilir. KİV-də Pekinin artıq bir sıra sahələrdə dünya lideri olduğu barədə məlumatlar mütəmadi olaraq yayılır. Bəziləri bunu ABŞ-a olan antipatiyadan yaranan emosionallıqla vurğulayır, digərləri isə real statistik göstəricilər əsasında nəticələr çıxarırlar. İqtisadçılar və strateqlərin proqnozları isə konkret faktorlara əsaslanır.

Burada mənzərə heç də birmənalı deyil. Çin iqtisadiyyatı başlıca olaraq ixracata yönəlib. Əgər bu sahədə ciddi problemlər yaransa, onun iqtisadi inkişafı qarşısında böyük əngəllər yaranmış olacaq. Daxili tələbatı ödəməyə istiqamətlənmiş infrastrukturun formalaşması isə hələlik başa çatmayıb. Çinlilərin alıcılıq qabiliyyəti ilə bağlı müəyyən şübhələr vardır.

Lakin bunlara baxmayaraq, Pekin iqtisadi inkişafın davamlılığını təmin etmək istiqamətində ciddi addımlar atmaqda davam edir. Onun diqqət yetirdiyi sferalardan biri də nəqliyyatdır. Hazırda Çin dünyanın bütün regionları ilə daha səmərəli ticarət əlaqələrini qurmağa maraq göstərir. Bu məqsədlə o, su və dəmiryollarının inkişafı üçün yeni proqramlar həyata keçirir. Məlumdur ki, ticarətin əsas hissəsi dəniz marşrutu ilə həyata keçirilir. Quru yol onun çox kiçik hissəsini təşkil edir və bir neçə dəfə baha başa gəlir.

Ancaq son illər dəniz marşrutu üzərində problemlər meydana gəlməkdədir. Regionun bir sıra dövlətləri ilə yanaşı, ABŞ da bu sahədə Pekinə çətinliklər yaradır. İndi Cənubi Çin dənizində münaqişələrə yol aça biləcək proseslər gedir. Yaponiya, Vyetnam, Filippin və ABŞ burada hərbi güclərini artırırlar. Çin də bu addımlara cavab verməyə çalışır. Ekspertlərin rəyinə görə, regionda hər an vəziyyət nəzarətdən çıxa bilər. Belə olan halda dünya ticarətinin böyük bir hissəsinin nəqlinin həyata keçirildiyi məkanda xaos meydana gələr. O zaman Çin ticarətdə böyük itkilərə məruz qalmış olar.

Bütün bunlara görə, Pekin bir neçə ildir ki, baha başa gəlsə də, dəmiryolu vasitəsilə ticarətə daha çox diqqət yetirməkdədir. İndi Çin rəhbərliyi Qazaxıstan və Rusiyadan keçən dəmiryolu xətti vasitəsilə Avropaya yükdaşımalarını həyata keçirir. Mütəxəssislərin hesablamalarına görə, bu marşrut elə də rentabelli deyil. Hətta Çin əyalətlərinin büdcəsi, xüsusilə də ölkənin qərb əyalətləri bundan ciddi ziyan çəkir (bax: məs., Иван Зуенко. Зачем Китай субсидирует ж/д перевозки через Россию и Казахстан / Московский Центр Карнеги, 5 sentyabr 2016).

Maraqlıdır ki, iqtisadi zərərlər dövlət büdcəsindən kompensasiya edilir. Yəni rəsmi dairələrə məlumdur ki, Avropaya dəmiryolu vasitəsilə göndərilən malların qazancı dərhal geri qayıtmır. Ölkənin müxtəlif əyalətlərinin büdcəsi bundan ziyan çəkir. Ancaq Çin rəhbərliyi bu istiqamətdə fəaliyyətini qətiyyən səngitmək fikrində deyil. Səbəb nədən ibarət ola bilər?

Mütəxəssislər burada müxtəlif səbəblər göstərirlər. Hər şeydən əvvəl, Çin "Yeni İpək Yolu" layihəsi çərçivəsində Qazaxıstan və Rusiyadan keçməklə dəmiryolu marşrutu üzrə yükləri nəql edir. Bu, strateji əhəmiyyətli layihədir. O, faktiki olaraq Çinin dünya iqtisadi sistemində yeri və rolunu xeyli möhkəmləndirə bilər.

Şərq uzaqgörənliyi: zərərdən strateji mənfəətə doğru

Bu marşrutun üzərində olan bütün ölkələr perspektivdə bu və ya digər dərəcədə Çindən asılı vəziyyətə düşə bilər. Çünki onların iqtisadi sistemi Çindən alınacaq mallarla sıx bağlı olacaq. Hazırda ABŞ dünya ticarətini nəzarətdə saxlaya bildiyi kimi, Çin də "Yeni İpək Yolu" sayəsində geniş bir geosiyasi məkanda əsas iqtisadi güc ola bilər. Ona görə də bu layihənin marşrutu həm İrandan keçməklə cənub cinahına, həm də Rusiyadan keçməklə şimal istiqamətinə malikdir. Qazaxıstan isə Mərkəzi Asiyanın ən potensiallı ölkəsi kimi çox vacib punktdur.

Əgər Çin Qazaxıstan və Rusiyadan keçən dəmiryolu xəttini sabit işlədə bilsə, onun qazancı gələcəkdə daha çox olacaq. Hazırda bu marşrut Astana və Moskva üçün də sərfəlidir. Çünki nəqliyyat haqqı kifayət qədərdir. Özü də Çin böyük həcmdə ixracat edir və onun miqyası getdikcə artır. Belə çıxır ki, indiki mərhələdə Çin ola bilsin ki, ziyana düşür, lakin perspektivdə onun əldə edəcəkləri barədə danışmaq daha doğru olardı.

Digər məqam ondan ibarətdir ki, Pekin Rusiya kimi tərəfdaşı kənarda qoymur. Moskva-Pekin xəttində yeni əməkdaşlıq sahəsi açılır. İki ölkə arasında çoxlu sayda sazişlər imzalanıb ki, onlar dəmiryolunu rentabelli edə bilərlər. Məsələn, Çin ticarətin xeyli hissəsini dəmiryolu vasitəsilə reallaşdıra bilər. Rusiya Avropa deyil və buradan qazanc daha tez əldə oluna bilər.

Başqa faktor kimi ekspertlər Çin rəhbərliyinin separatizm meyllərinin güclü olduğu qərb əyalətlərinin inkişafında maraqlı olmasını göstərirlər (bax: əvvəlki mənbəyə). Uyğurların yaşadığı bölgələrdə həyat səviyyəsi aşağıdır. Onu yüksəltmək üçün "Yeni İpək Yolu" ideyası çox uyğundur. Həm o bölgələrin xarici dünya ilə əlaqələri genişlənər ki, bu da milliyyətçi şüura ciddi təsir göstərər, həm də insanların yaşayışı yaxşılaşar ki, bu da narazılıqların qarşısını alar.

Yuxarıda vurğulanan məqamlardan belə nəticə hasil etmək olar ki, Çin dəmiryolu şəbəkəsini inkişaf etdirməklə daxili problemlərini həll etməklə yanaşı, qlobal siyasətdə rolunu yüksəltmək məqsədini də güdür. Reallıqda burada kompleks amillər özünü göstərir. Çin ABŞ-la olan iqtisadi yarışında yeni təsir rıçaqları əldə etməklə bərabər, regional miqyasda özünə sərf edən infrastruktur yaratmaq sahəsində də ciddi addımlar atmış olur.

Bununla Pekin iki aspektdə fəaliyyətini koordinasiya etmiş olur. Bir tərəfdən nəzarəti öz əlində olan yeni nəqliyyat şəbəkəsi yaradır, digər tərəfdən isə iqtisadi sisteminin yeni inkişaf stimulları alması üçün lazım olan şərait formalaşdırır. Hər iki aspekt önəm daşıyır. Çin hakimiyyəti bununla dilə gətirmədiyi strateji məqsədi - dünya liderliyini təmin etmək üçün düşünülmüş addımlar atmış olur.

Bu prosesə kənardan maneələr mümkündürmü? Hipotetik olaraq, bu, təbii ki, gözlənilən haldır. İlk növbədə ABŞ bu istiqamətdə addımlar ata bilər. Müşahidələr göstərir ki, onun əlamətləri də vardır. Həmin sırada Mərkəzi Asiyada xaosun yaradılması ehtimalını istisna etmək olmaz. Əgər burada sabitlik doğrudan da pozularsa, Çinin iqtisadi layihələrinə ciddi zərbə dəymiş olur. Eyni zamanda, münaqişələrin ölkənin daxilinə sıçraması üçün də əsas yaranır. Bu bağlılıqda yaxın keçmişdə Çinin Qırğızıstandakı səfirliyi önündə baş verən terror hadisəsi çox düşündürücüdür.

Hüquq-mühafizə orqanlarının təhqiqatına görə, hadisəni uyğur əsilli çinli törədib. Onun hərəkətinin motivi uyğurların hüquqlarının tapdanması və həyat səviyyəsinin aşağı olması ilə izah edilir (bax: Теракт у посольства Китая в Бишкеке: смертник прорывался на автомобиле / "www.mk.ru", 30 avqust 2016).

Bununla yanaşı, ekspertlər onu da qeyd edirlər ki, Qırğızıstan son dövrlərdə Çin şirkətləri üçün daha uyğun məkan hesab olunur. Çünki burada gömrük sənədləşməsini sürətləndirən "süni amillər" vardır. Bu da çinlilərin həmin marşruta üstünlük verməsinə səbəb olur (bax: Иван Зуенко. Зачем Китай субсидирует ж/д перевозки через Россию и Казахстан / Московский Центр Карнеги, 5 sentyabr 2016).

Çinin yeni iqtisadi layihələri üçün başqa təhlükəli məqam Cənubi Çin dənizində hər hansı silahlı münaqişənin alovlanması ola bilər. Vəziyyətin həmin istiqamətdə inkişafına yuxarıda vurğuladığımız amillərlə yanaşı, regionun özündə olan problemlər də təkan verər. Belə çıxır ki, Çin böyük sərmayələrə qoyduğu layihələrin alovunda "yana" bilər. Təki belə olmasın.