Taleh Bağırovun apelyasiya şikayətinə baxıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Müsəlman Biriliyi Hərəkatı”nın sədri Taleh Bağırovun apelyasiya şikayətinə baxılıb. Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda T.Bağırov özü də iştirak edib:

 

"Bu gün Taleh Bağırovun işgəncəyə məruz qalması ilə bağlı şikayətimin təmin olunmaması barədə Səbail rayon məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli qərarından verdiyimiz apellyasiya şikayətinə baxıldı.Məhkəmə iclasına Taleh Bağırov da gətirilmişdi”.

 Vəkil Aşura günündə müvəkkilinin karsa salındığını bildirib:

 

"Taleh Bağırov bildirdi ki, heç bir qanuni əsas olmadan dünən 5 günlük karsa (cərimə təcridxanasına) salınıb”.

O, karsa Aşuraya və məhkəmədəki ifadələrinə görə salındığını deyib.

 

Noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində "Müsəlman Birliyi” adı altında qanunuz fəaliyyət göstərən 14 nəfər saxlanılıb. Əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində 2 polis əməkdaşı olmaqla 7 nəfər öldürülüb.

 

Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.