Xalq artistinin qızı: "Atam Mircəfər Bağırovu görəndə qorxmuşdu"

Atam martın 21-də dünyaya gəlb, noyabrın 13-də vəfat edib. Mətbuatda, vikipediyada yazılır ki, martın 22-də doğulub, noyabrın 3-də vəfat edib. Bu yalnışdır.

sabahinfo.Az bildirir ki, bunu azvision.az -a xalq artisti, mərhum aktyor Əliağa Ağayevin qızı Gülçin Ağayeva deyib.

Aktyorun qızı uzun müddətdir ki, osteoxondroz xəstəliyindən əziyyət çəkdiyini bildirib.

"Mən xəstə qadınam, heç yerə çıxa bilmirəm, osteoxondroz xəsətliyindən əziyyət çəkirəm. Ev şəraitində onurğa sütunumdakı problemlə bağlı müalicə alıram".

G.Ağayeva qızı və oğlundan başqa heç kiminin olmadığını deyib: "Qohumlarımdan heç kimim qalmayıb. Anam 90 yaşında vəfat edib. Qardaşım və onun həyat yoldaşı da yaşamır. Qızımdan və oğlumdan, bir də iki nəvəmdən başqa heç kimim yoxdur. Onlar gələn həftə atamın qəbrini ziyarət edəcəklər. Allah atama rəhmət etsin. Oğlum Əliağaya öz adını vermişdi. O, anadan olanda çox sevinirdi".

Xalq artistinin qızı atasının sənət yolunu davam etdirmədiyinə görə təssüf etdiyini bildirib. 

"Uşaqlarım tamam ayrı sahəni seçdilər. Oğlum bizneslə məşğuldur, qızım isə babasının yolunu deyil, mənim yolumu davam etdirir, yəni mühəndis işləyir. Vaxtı ilə mən də atamın yolunu davam etdirə bilərdim, ancaq atam buna imkan vermədi. Dedi ki, əgər qardaşın və ya sən incəsənəti seçsəniz, daha siz adlı övladım olmayacaq. Düzdür, qardaşım gizlicə İncəsənət Universitetinə qəbul oldu, rejissorluq fakültəsini bitirdi. Mən təəssüf ki, bu yolu davam etdirə bilmədim. Qızım baletə getmək istəyirdi, qoymadım". 

G.Ağayeva atası ilə bağlı xatirələrini bölüşüb: "Atamla bağlı xatirələrim çoxdur. O danışırdı ki, "Sehirli xalat" filmi çəkiləndə mərhum prezidentimiz Heydər Əliyev kinostudiyaya baş çəkməyə gəlib. Atama deyib ki, "sən niyə mənim yanıma gəlmirsən? Camaat hər gün bir xahişlə yanıma gəlir, dərdini danışır. Sənə də nəsə lazmdırsa denən, kömək edərəm".

Mircəfər Bağırovun atamın rol oynadığı tamaşaya baxmağa gəlməsi unudulmazdır. Deməli, atam "Hacı Qara" tamaşasını oynayırmış. Xəbər ediblər ki, Mircəfər Bağırov tamaşadadır. Atam həyəcanlanıb, var gücü ilə çalışıb ki, tamaşada qüsur olmasın. Birdən gəlib deyiblər ki, Bağırov səni yanına çağırır. Bu zaman atamın halı qarışıb. Düşünüb ki, qardaşı Mirzağadan sonra onu tutmağa gəliblər. Anama deyib ki, qardaşımdan sonra məni də tutacaqlar. Uşaqlardan muğayat ol. 

Əslində, Bağırov atamın aktyoruluğundan xoşu gəldiyi üçün yanına çağırırmış. Atama deyib ki, "yaxşı oynayırsan, belə davam et. Xoşuma gəldin". Bundan sonra atama "Əməkdar artist", daha sonra isə "Xalq artisti" adları verilib".

Xalq artistinin qızı daha sonra atasının ölümündən danışıb: "Atamın ölümü qəribə oldu. O, 70 illik yubileyini qeyd edəcəkdi. Dostları ilə bir yerdə oturub, bu haqda danışırmışlar. Atam onlara lətifə danışıb. Elə bu an ürəyində damar qırılıb. Dostları elə bilib ki, atam zarafat edir, onları güldürmək üçün özünü halsızlığa vurub. Sonra başa düşüblər ki, Əliağa müəllim gülə-gülə dünyasını dəyişib".