Fransada islamofobiya müsəlmanlara qarşı nifrətin siyasi elita tərəfindən manipulyasiya edilməsindən qaynaqlanır

Son illər Fransada islamofobiya meyilləri daha da artmaqdadır. Bu ölkədə müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər spontan deyil, əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Bu fakt onu göstərir ki, Fransada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Arzuolunandır ki, Fransa belə ssenarilərə son qoysun, islamofobiya, irqçilik, diskriminasiya əvəzinə tolerantlığı, multikulturalizmi seçsin, bəşəri dəyərləri təbliğ və təşviq etsin. Amma Fransanın timsalında Avropada islamofobiyanın daha da güclənməsi təəssüf doğurur.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, Fransa KİV-lərində mütəmadi şəkildə müsəlmanların iştirakı olmadan İslam dini və müsəlmanlar ətrafında debatlar aparılır, burada nifrəti artıran və irqçi ifadələrə tez-tez yol verilir. Ölkədə keçirilən müxtəlif seçkilər zamanı seçki kampaniyaları çərçivəsində mövzu aktuallaşır, bəzi sağçı və ifrat sağçı qüvvələrin açıq şəkildə anti-İslam və bəzən də milliyyətçi mövqe tutduğu ortaya çıxır. Fransada nifrət zəmində cinayətlərin rəsmi statistikasının aparılmamasına baxmayaraq, ölkənin müsəlman əhalisinə, qaradərili fransızlara, digər etnik və dini qruplara qarşı diskriminasiya halları, xüsusilə Avropaya miqrant axını fonunda son illərdə daha da kəskinləşib. Xüsusilə, müsəlmanlara qarşı qadağalar artır, dini məktəblər bağlanır, dərnəklər ləğv edilir, məscid tikintisinə icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqir edilir. İslam dininə ibadət edən insanların Avropa ölkələrində demoqrafiq vəziyyəti ilə bağlı 2017-ci ilin noyabrın sonunda Vaşinqtonda yerləşən “Pew Research Center” adlı beyin mərkəzi tərəfindən dərc olunmuş araşdırmaya əsasən, 2016-cı ilin ortaları üçün Fransa əhalisinin 8,8 faizini (5,7 milyon nəfər) müsəlmanlar təşkil edib. Almaniyanın “Statista” şirkətinin də statistik rəqəmlərinə görə Fransa əhalisinin 8 faizi müsəlmanlardan ibarətdir. Avropa şəhərləri arasında Paris şəhəri və İl-dö-Frans rayonu müsəlman əhalinin sayına görə birinci yerdədir. Burada 2,8 milyon müsəlman əhalinin yaşadığı güman edilir. Müsəlmanların say göstəricisinə görə 67,5 milyon əhalisi olan Fransa Avropa İttifaqı ölkələri sırasında birinci yeri tutur. Bu rəqəmin 2050-ci ilə qədər iki dəfədən çox artacağı proqnozlaşdırılır.

Deputatın sözlərinə görə, Fransa dövləti dünyəvilik ənənəsini elan edərək əhalinin siyahıya alınması kampaniyalarında 1872-ci ildən başlayaraq ölkə vətəndaşlarının dini mənsubiyyəti barədə sorğu aparmır. 1905-ci il dekabrın 9-da qəbul olunmuş “Kilsələrin və dövlətin ayrılması haqqında” qanuna əsasən ölkədə dövlətin siyasəti kimi rəsmi olaraq dünyəvilik siyasəti elan olunub. 1978-ci ildə isə qəbul edilmiş qanuna əsasən ölkədə yaşayan fərdlərin irqi, etnik və dini mənsubiyyəti barədə məlumatın toplanması birmənalı olaraq qadağan olunub. Fransanın rəsmi dövlət siyasəti kimi rəhbər tutduğu belə bərabərlik və dünyəvilik modeli müasir dövrdə ölkədə yaşayan etnik, dini və digər azlıqların ölkə cəmiyyətinə inteqrasiyası, onların problemlərinin həlli üçün əsas maneə hesab olunur, bu azlıqları və onların problemlərini Fransa cəmiyyətinin gözündə “görünməz” faktora çevirir, onlara qarşı sistemli və davamlı ayrı-seçkilik hallarının qarşısını almaq və mübarizə tədbirləri görmək üçün effektiv mexanizmlər tətbiq etməyə imkan vermir. Belə qadağanın praktiki mənada bir sıra mənfi təsirləri var. Məsələn, etnik və dini zəmində ayrı-seçkiliyə dair statistik məlumatlar toplanılmır və təhlillər aparılmır. Dövlət qurumları və məhkəmə orqanları bu qanuna əsaslanaraq hər hansı formada dini və etnik mənsubiyyəti qadağan edən, süni şəkildə vətəndaşların “mütləq bərabərliyi” və dövlətin “mütləq bitərəfliyi” ideyasını rəhbər tutan qərar və qaydalar qəbul edir.

Pərvin Kərimzadə qeyd edib ki, Fransa cinayət qanunvericiliyi nifrətə təhrik etmə və nifrət nitqini qadağan etsə də, təcrübədə belə cinayətlərin müəyyənləşdirilməsi və təqib olunması üçün müvafiq hüquqi sistem mövcud deyil. Fransız reallığında “müsəlmanlar” dedikdə çox vaxt Afrika və Yaxın Şərqdən köçmüş insanların nəslindən olan şəxslər nəzərdə tutulur ki, bu da ölkədə “immiqrant” və “müsəlman” anlayışlarının fərqləndirilməməsinə, nəticə etibarilə onların fransız cəmiyyəti üçün kənar və yad insanlar kimi səciyyələndirilməsinə səbəb olur.

“Fransada islamofobiya probleminin kökü dövlətin rəhbər tutduğu dünyəvilik prinsipində deyil, ölkənin tarixi müstəmləkəçilik siyasətində və hazırkı hökumətin yürütdüyü irqçi təfəkkürdə axtarılmalıdır. Fransız müstəmləkəçilərin əsrlər boyu davam edən və yeni dövrün tarixinə qədər uzanmaqla müsəlman ölkələri və müsəlmanlara qarşı törətdiyi cinayətlərin miqyası həddindən artıq böyükdür. Fransa dünyanın müxtəlif regionlarında – Amerika, Afrika, Asiya qitələrində, Okeaniya bölgəsində 50-dən artıq dövlətin ərazisini işğal edib, sərvətlərini talan edib, xalqlarını uzun illər əsarətdə saxlayıb, milyonlarla insanı qətlə yetirib və kölə halına salıb, insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də nüvə sınaqları həyata keçirməklə Əlcəzairin müsəlman əhalisinin sağlamlığına ciddi ziyan vurub, müharibə cinayətləri törədib. Fransa yerli müsəlmanların taleyini idarə edib, imperiya daxilində yerli iqtisadiyyatları Fransa iqtisadiyyatının inkişafı üçün istismar edib. Hazırda Fransa cəmiyyətində müşahidə edilən islamofobiya hər hansı qorxu və tarixi inamsızlıqdan irəli gəlmir, müsəlmanlara qarşı nifrətin və müstəmləkəçi irqçiliyin siyasi elita tərəfindən manipulyasiya edilməsindən qaynaqlanır”, - deyən deputat fikirlərini yekunlaşdırıb.