Fransanın Azərbaycandan öyrənə biləcəyi çox şey var

Korsika dili ilə bağlı Fransa məhkəməsinin qərarı, ən yaxşı halda inkivizisiyanın XXI əsrdə yendən dirçəlişi kimi qiymətləndirilə bilər.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

O qeyd edib ki, fərqli mədəniyyətə, dilə sahib olan bir xalqın dilinin yasaqlanması feodal və quldarlıq dövrünün düşüncə tərzinin, müstəmləkəçi siyasətin bariz nümunəsidir.

"Dünyaya “demokratiya və insan haqları” ilə bağlı “dərs keçməyə”, başqa ölkələrin ərazilərində problem, bizim məşhur misalda deyildiyi özgə gözündə çöp axtarmağa aludə olmuş Fransa hakimiyyəti, nədənsə öz gözündəki tiri görmür. Fransa məhkəməsinin bu qərarı sözügedən ölkənin bütün beynəlxalq öhdəliklərinə ziddir. Sözügedən qadağa Fransanın götürdüyü beynəlxalq öhdəliklərə, o cümlədən “Bütün növ diskriminasiyanın ləğvi haqqında” Konvensiyanın, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın, eləcə də BMT Baş Assambleyasının “Milli və ya etnik, din və dil azlıqlarının hüquqları haqqında” və “Yerli xalqların hüquqları haqqında” bəyannamələrinin, Avropa Şurasının “Milli azlıqların hüquqlarının qorunması haqqında” Çərçivə Sazişinin tələblərinə ziddir. Fransa məhkəməsi, sadəcə bir qərarla ən azı 5 beynəlxalq sənədin tələblərini kobud şəkildə pozub və bir daha rəsmi Parisin beynəlxalq hüququn norma və prinsiplərinə, insan hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların mədəni hüquqlarına olan gerçək münasibətini ortaya qoyub. Bütün bunlardan sonra, Azərbaycan kimi multikultrallıq nümunəsi olan, ərazisində yaşayan bütün xalqların mədəni hüquqlarını qoruyan bir ölkənin ərazisində problem axtarışına çıxması riyakarlığın ən son həddi kimi qiymətləndirilməlidir. Bu aspektdən, Fransanın Azərbaycandan, xüsusilə də etnik və dini azlıqlarla ölkəmizdə mövcud olan tolerant mühitdən hələ uzun illər öyrənə biləcəyi çox şey var", - deyə deputat vurğulayıb.