Gərəkli həmrəyliyin Bəyannaməsi

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Havadarlarının siyasi, maddi və hərbi yardımından bəhrələnən işğalçı Ermənistan danışıqlar prosesindən yayınır, regionda status-kvonu saxlamağa çalışır, yeni ərazilər işğal etmək niyyəti ilə müxtəlif səviyyəli təxribatlar törətmək istəyirdi.
Azərbaycan Ordusunun hissələri 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı birləşmələrinin qəfil hücumunun qarşısın qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı.
Ordumuz düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, yeniləşdirdiyi müdafiə sədlərini darmadağın etdi. Düşmənin ordusu ordumuzun hücumunun qarşısını kəsmək qüdrətində deyildi. Ona görə də ordumuz döyüşə-döyüşə qələbələr qazanırdı, qələbələr qazana-qazana döyüşürdü. Xalqın orduya mənəvi dəstəyi döyüşçülərin döyüş əzmini, qələbə ruhunu daha da yüksəldirdi. Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətləri qazanılan qələbələrin məntiqi davamı olurdu.
Ordumuz noyabrın 8-də Şuşanı işğaldan azad etdi.
Noyabrın 8-i Zəfər günü oldu. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Ermənistanın məğlubiyyət, Azərbaycanın qələbə Bəyanatı idi…
Vətən müharibəsi Türkiyə ilə Azərbaycan arasında tarixi qardaşlığı daha da möhkəmləndirdi. Bu qardaşlığın mənəvi-ruhi müqəddəsliyi də təsdiqləndi, həmişəyaşarılığı da.
2021-ci il iyunun 15-də Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı. Bu Bəyannamə iki qardaş dövlət arasında münasibətlərin yeni mərhələsi kimi tarixləşdi. Sosial həyatın bütün sahələrini əhatə edən bu Bəyannamə hər iki dövlət üçün davamlı və dinamik inkişafın stimulu kimi dəyərləndirilir. Bu Bəyannamə şəhid əsgərlərin, şəhid mehmetciklərin ruhuna ehtiramın Bəyannaməsidir. Bu Bəyannamə Mustafa Kamal Paşa Atatürkün və Heydər Əliyevin ruhuna gözaydınlığı Bəyannaməsidir.
Bəyannamə onsuz da müttəfiq olan bu iki qardaş dövlətin rəsmən müttəfiqliyini təsdiqləyən hüquqi sənəddir. Bu müttəfiqlik Türkiyənin istiqlal savaşında da təsdiqlənmişdi, Bakının daşnak-bolşevik qüvvələrindən təmizlənməsində də. Hər ikisi eyni ruhun bir məqsəd, bir amal naminə ayrılmazlığının, bölünməzliyinin coşqusu kimi yaşanılmışdı. O coşqular 2020-ci ilin payıızında da böyük qüdrətlə yaşanıldı. Şuşa Bəyannaməsi yaşanılanların dünyəviliyinin yeni formatda təsdiqi oldu…  
Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı müttəfiqlik əlaqələrinin genişləndiriləcəyinin zəmanətidir və beynəlxalq siyasət müstəvisində birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Bu yaxınlarda Bakıda keçirilən “Teknofes” festivalı da təsdiqləyir ki, Türkiyə ilə Azərbaycan arasında mənəvi sərhəd mövcud deyil, olmayacaq da. Bu məqamı böyük tarixi şəxsiyyət Heydər Əliyev “Bir millət, iki dövlət” məntiqi-mənəvi düsturu ilə ifadə edib. Bu kəlam həm də tarixin sabahlarının kəlamıdır…
Bəyannamə bəşəri Bəyannamədir, tolerantlığı ifadə edən Bəyannamədir. Bunu zamanında işğalçılıq xarakteri ilə dünya siyasətində əmin-amanlığın əleyhdarı olan Ermənistan da dərk edir, Ermənistanı gizlin-aşkar dəstəkləyən dövlətlər də. Dərk edirlər və bilirlər ki, bu Bəyannamə müharibə niyyətinə qarşı dünyəvi, həm də bəşəri bir sipərdir. Bu sipərə kəc baxmaq olduqca ağır siyasi və hərbi nəticələr verər…
Ədalətli müharibədə Azərbaycan Ordusu Zəfər qazandı. Bu Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanılıb. Azərbaycanı sevənlər quruculuq işlərinə investisiya qoyur, investisiya qoyuluşunu genişlıəndirir. Şuşa Bəyannaməsi bu prosesi dönməzləşdirməkdədir.
Şuşa Bəyannaməsi dövlətlər arasında bağlanan bütün Bəyannamələrdən fərqlənir. Şuşa Bəyannnaməsinin mahiyyəti ruhun eyniliyidir, ruhun eyniliyi müstəvisində qardaşlığın təntənəsidir. Qardaşlığın təntənəsi dünyaya ünvanlanan mesajdır. Bu mesaj son illər Azərbaycan ilə Türkiyə arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəl-lərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu kəlamlar əbədiliyin kəlamlarıdır və Şuşa Bəyannaməsində də qürurla yaşadılacaqdır…
Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq sayəsində yeni iqtisadi perspektivlər də yaradıb. Bu perspektivlər qarşılıqlı iqtisadi inkişafa, qarşılıqlı etimada əsaslanır. Azərbaycan üçün böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan Zəngəzur dəhlizi Türkiyə dövləti üçün də xeyli dərəcədə əhəmiyyətlidir. Bu dəhlizdən digər dövlətlər də bəhrələnə biləcəklər. Bu baxımdan Zəngəzur dəhlizi dünyəvi əhəmiyyətə malikdir və bu dəhliz Şuşa Bəyannaməsində də kifayət qədər mahiyyətli səviyyədə şərh edilib – mahiyyəti açılıb. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin mahiyyəti, əhəmiyyəti reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.
Bəyannamənin strateji əhəmiyyətini artıran amillərdən biri hərbi əməkdaşlıqdır. Vətən müharibəsində bu əməkdaşlıq qardaşlıq səviyyəsində təzahür etdi. Bu, iki dövlətin tarixə qardaşlıq haqqında birgə dediyi fəlsəfi, fəlsəfi-siyasi, siyasi-hərbi qətyyət müddəasidı. Bu qətiyyət dünyaya bir gerçəkliyi də yaşatdı: Bu birliyə zaval yoxdu! Bu birlik qüdrətin birliyidir!
Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın hərbi sahədə də davam etdiriləcəyinin Bəyannaməsidir. Bu Bəyaənnamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin də öz əksini tapması  tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Pilotsuz uçuş aparatları İkinci Qarabağ müharibəsində, Zəfərin qazanılmasında  mühüm rol oynadı. Bu, Türkiyə ilə Azərbaycanın mənəvi birliyinin davamı olan hərbi birliyinin qüdrəti idi. Şuşa Bəyannaməsinə əsasən  Azərbaycan bu hərbi texnikanın istahsal mərkəzi kimi inkişaf edəcəkdir.
Şuşa Bəyannaməsi Azərbaycanın siyasi nüfuzunun da artmsında əhəmiyyətli oldu. Dünya dövlətləri bu hüquqi beynəlxalq sənədin mahiyyətini qüdrətin ifadəsi bildi. Bu qüdrətə görə Şuşa Bəyannaməsi həm də Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiyanın birgə bəyanatı ilə təqdir edildi. Yəni Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi Vətən müharibəsində yaşanılan gərəkli həmrəyliyin Bəyannaməsi oldu...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı