Göydəniz Qəhrəmanov: “Azərbaycan və Slovakiya bir-birilərinin imkanlarını gücləndirən tərəfdaşlar kimi çıxış edirlər”

 

“Bu gün Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrini dinamik şəkildə inkişaf etdirdiyi Avropa ölkələrindən biri də Slovakiyadır. Cənab Prezident İlham Əliyevin dekabr ayının 8-də bu ölkəyə etdiyi rəsmi səfər çrçivəsində müzakirə olunan məsələlər, eləcə də dövlət başçılarının mətbuata bəyanatla etdikləri çıxışlarında səsləndirilən fikirlər bunu bir daha təsdiq etdi. Cənab Prezident İlham Əliyevin bəyanatında iki ölkə arasında mövcud əməkdaşlığın dərin məzmunu dolğun şəkildə ortaya qoyuldu. Qeyd etmək lazımdır ki, Slovakiya Prezidenti Peter Pelleqrininin müdafiə sənayesi ilə bağlı səsləndirdiyi fikirlər də iki ölkə arasında tərəfdaşlığın sırf ticarət münasibətləri çərçivəsindən çıxaraq, dərinləşdirilmiş sənaye və texnoloji əməkdaşlıq müstəvisinə keçdiyini göstərir. Onun “biz sadəcə silah satmaq niyyətində deyilik, Azərbaycanla texnologiya ötürülməsi və birgə istehsal üzərində işləyə bilərik” bəyanatı Slovakiyanın Azərbaycana etibarlı və uzunmüddətli tərəfdaş kimi yanaşdığını sübut edir. Bu yanaşma, əslində, Avropa İttifaqı–Cənubi Qafqaz platformasında yeni iqtisadi sinerji yaratmaq potensialına malikdir və Slovakiyanın Azərbaycana strateji tərəfdaş kimi verdiyi əhəmiyyətin real ifadəsidir.”

Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat fikirlərini davam etdirərək Azərbaycanın sülh gündəmini əsas prioritet kimi qəbul etdiyini xüsusi vurğulayıb: “Cənab Prezident İlham Əliyev ən müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərindən danışdı. O cümlədən qeyd olundu ki, Azərbaycanın müdafiə sənayesi sahəsində əməkdaşlıqda məqsədi müharibə deyil, sənaye və texnoloji inkişafdır. Bu yanaşma Azərbaycanın sülh gündəmini əsas prioritet kimi qəbul etdiyini, bu istiqamətdə bütün imkanlarını yenilənmiş inkişaf konsepsiyasına yönəltdiyini təsdiqləyir. Cənab Prezidentin “biz Slovakiya texnologiyalarını Azərbaycan maliyyəsi ilə birləşdirərək dünya bazarı üçün rəqabətqabiliyyətli məhsullar istehsal edə bilərik” fikri iki ölkənin bir-birilərinin imkanlarını gücləndirən tərəfdaşlar kimi çıxış etdiyini göstərir. Dövlət başçımızın informasiya texnologiyaları, süni intellekt və data mərkəzləri barədə səsləndirdiyi fikirlər isə əməkdaşlığın yalnız hərbi-texniki deyil, yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat sahələrinə də genişlənməsi deməkdir. Azərbaycanın böyük enerji potensialı, hazırda istifadə edilməyən 2 giqavat və yaxın 5 ildə 8 giqavata qədər yüksələcək əlavə güc beynəlxalq data mərkəzləri üçün unikal şərait yaradır. Ölkənin iqlim müxtəlifliyi, xüsusilə soyuq bölgələrin mövcudluğu, enerji sərfiyyatını azaldaraq data mərkəzlərinin optimal fəaliyyətinə imkan verir. Bu amillər Azərbaycanı gələcəkdə regional və qlobal rəqəmsal infrastrukturun mərkəzi roluna yüksəldə bilər. Cənab Prezident İlham Əliyevin Slovakiya şirkətlərini bu sahədə əməkdaşlığa dəvət etməsi strateji tərəfdaşlığın yeni texnoloji istiqamətlərdə də davamlı olacağını göstərir” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını sona çatdırıb.