Güclü liderin ən öməli silahı-SUVERENLİK

Suverenlik hər bir xalqın ən ümdə arzularından biridir. Bu arzunun reallaşdırılması isə çətin olduğu qədər həm siyasi iradə həm də güclü lider tələb edir. Hər iki nüasın vəhdəti suverenliyin təməl daşıdır. Bu baxımdan Azərbaycanın müstəqillik illərindən sonra bərpa etdiyi suverenlik zərurətdən irəli gəlir. Bu gün Azərbaycanın yürütdüyü siyasət, həyata keçirdiyi regional və beynəlxalq layihələr ölkəmizin qüdrətini daha da artırıb. Təbii ki, bu siyasətin ana xəttini güclü lider təşkil edir. Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, imza atdığı layihələr və gərgin geosiyasi vəziyyətdə qəbul etdiyi qərarlar Azərbaycanın inkişafında mühüm rol oynayır. Liderlik potensialı təkcə bu nüanslarla kifayyətlənmir. Burada əsas xüsusiyyət vətəndaş məmnunluğudur ki, bu keçirilən rəy sorğularında və seçkilərdə öz təzahürünü tapır.

İkinci Qarabağ müharibəsinin yekunu kimi 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Ermənistan və Rusiya tərəfindən imzanalan üçtərəfli Bəyanatdan keçən müddət ərzində Ermənistanın həyata keçirdiyi siyasət və Bəyanatdan irəli gələn öhdəliklərə əməl etməməsi Azərbaycanın antitteror əməliyyatlarını həyata keçirməsinə səbəb oldu. Nəzərə alsaq ki, vətən müharibəsindən ötən müddət ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Hətta həyata keçirilmiş “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə bədnam düşmən və onu hər vəchlə himayə edən qüvvələr üçün yetərli dərs olmadı. Əksinə, xarici böyük güclərin marionetinə çevrilmiş düşmən daha da azğınlaşaraq humanitar yönlü Laçın yolunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını həyata keçirdi. Ən acınacaqlı hal isə ondan ibarət idi ki, bu təxribatlar ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gözləri önündə, hətta birbaşa müşayiəti altında açıq şəkildə aparılırdı.

2023-cü il sentyabrın 19-da erməni silahlı dəstələrinin diversiya və terror aktları nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid oldu. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minaların partlaması, Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması və Ağdamla Şuşada baş verən terror aktları ölkəmizi qətiyyətli addımlar atmağa vadar etdi. Ermənistanın Qarabağdakı qeyri-qanuni silahlı qüvvələrinin mövqelərini gücləndirməsi və yüksək döyüş hazırlığına gətirməsi də əməliyyatın labüdlüyünü artırdı. Bütün bu səbəblər Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal xarakterli antiterror əməliyyatına başlanmasına gətirib çıxardı.

Cəmi 23 saat davam edən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Azərbaycan Ordusu yüksək dəqiqlikli müasir silahlarla düşmənin mövqelərini, uzunmüddətli atəş nöqtələrini və hərbi texnikasını sıradan çıxardı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti əsasında atəşkəs razılaşması əldə olundu. 20 sentyabr saat 13:00-da əməliyyat dayandırıldı və qeyri-qanuni silahlı dəstələrin və Ermənistan silahlı qüvvələrinin tam tərksilah olunması və Azərbaycan ərazilərini tərk etməsi, bütün silah-sursatın və ağır texnikanın təhvil verilməsi, bu prosesin Rusiya sülhməramlıları ilə əlaqələndirilməklə həyata keçirilməsi şərtləri ilə tədbirlər həyata keçirildi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il 15 oktyabrda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli bayrağımızı ucaldaraq dövlətimizin tam suverenliyini və ərazi bütövlüyünü bütün dünyaya nümayiş etdirdi.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı