Heydər Əliyev dühasından başlanan yol

Şərqdə ilk demokratik dövlət kimi formalaşan Azərbaycan tarixin sınaqları ilə müxtəlif dövrlərdə üz-üzə qalmış, parçalanmaq, qonşuların bədnam niyyətləri qarşısında soyqırım və terror hadisələrinin ən dəhşətlisini yaşamışdır. 90-cı illərdə yenidən əldə edilən müstəqillik siyasi hakimiyyətin səhlənkarlığı, daxili çəkişmə və dövlətçilik maraqlarının bir tərəfə atılması da tarixin sınağı kimi dəyərləndirilə bilər. Dövlətimizin və dövlətçiliyimizin məhv olma anında xalqın səsinə səs verən ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi və siyasi hakimiyyətdə olan boşluqları doldurması ölkəmizin inkişafında, müstəqil Azərbaycanın var olmasında ən önəmli hadisədir. Ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi istər siyasi arenada istərsə də iqtisadi sahədə mütərəqqi addımların atılmasına gətirib çıxardı. Qısa zamanda regional layihələrlə bağlı danışıqlara başlanıldı. Mühüm sazişlər imzalandı. Hələ o zaman bu sazişlər imzalananda bir sıra bizi istəməyən qüvvələr bu kimi layihələrin heç bir perspektiv verməyəcəyini dilə gətirir, görülən işlərə kölgə salmağa çalışırdı. Aradan keçən müddət ərzində biz bunun tam əksini görürük. İqtisadi resursların artması Azərbaycanın həm sosial həm hərbi həm də beynəlxalq arenada nüfuz sahibi olmasına gətirib çıxardı.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən Cənab Prezident İlham Əliyev dirəkləri möhkəm təməllər üzərində qurulan Azərbaycanın qısa zamanda uğurlu inkişaf yolu keçməsini təmin etdi. Cənab Prezidentin ölkəmizə rəhbərliyi ilə dövlət büdcəsində əhəmiyyətli artım oldu, hərbi potensialımız daha da gücləndi ki, bunun nəticəsində 44 gündə işğal altında olan ərazilərimiz düşməndən təmizləndi. Ən əsası biz Qələbə qazandıq. 30 ildir məğlub xalq kimi alnımıza sürülən bu damğa təmizləndi.

Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi, haqq səsinin dünya ictimayyətinə çatdırılması baxımından vacib bir addım idi. Bu gün isə Azərbaycan bu xəttdən çıxış edərək dünyaya yeni model təqdim edir. Bu model sülh, təhlükəsizlikdir. Regionda həyata keçirilən mühüm layihələrdə əsas söz sahibi olan Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar digər beynəlxalq layihələrin reallaşmasına zəmin yaradır.

Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, Azərbaycan həm də beynəlxalq tədbirlərin keçirilməsi, mühüm qərarların qəbul olunması baxımından da mühüm məkandır və dünya liderləri Azərbaycanla münasibətlərin daha da dərinləşməsini istəyir. Belə ki, ötən həftə Bakıda Qoşulmama Hərəkatının növbəti tədbiri zamanı səslənən fikirləri, qəbul olunan qərarlar ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir.

Ümummilli Heydər Əliyev tarixi şəxsiyyət kimi daim qəlbimizdə yaşayacaq. Onun qurub yaratdığı bu dövlət Cənab Preizdent İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və edəcək.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı