“Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalıdır!” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu 22 sentyabr 2023-cü il tarixində, “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsində nəzərdə tutulan “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalıdır!” mövzusunda dəyirmi masa keçirib.

Dəyirmi masa iştirakçıları Azərbaycan Respublikasının dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək öz işinə başlayıb.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov çıxış edərək öncə sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrinə qarşı keçirdiyi lokal antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə dəyirmi masa iştirakçıları adından, Azərbaycan Silahlı Qüvvələrinin Müzzəfər Ali Baş Komandanı İlham Əliyev cənablarını, Azərbaycan Silahlı Qüvvələrinin bütün əsgər və zabitlərini və Azərbaycan xalqını təbrik edib.

Daha sonra Sərraf Orucov layihədə qaldırılan problemlərlə bağlı çıxış edərək bildirib ki, tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtilı-vaxtında müalicə almırlar. Bu səbəbdən də onlarda yeni-yeni xoşagəlməz xəstəliklər yaranaraq vaxtsız dünyalarını dəyişirlər.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli iradəsi ilə, Şanlı Zəfər qələbəsini xalqımıza bağışlamış Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların yaranmış tibbi-sosial problemlərinə biganə qalmamalıyıq.

Layihənin rəhbəri Rasim Mirzəyev layihənin məqsəd və məramı haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reabilitasiya və sosial təminat hüquqlarını aidiyyəti olan Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərməkdir.

Həyata keçirilən layihə çərçivəsində müharibə əlilləri və veteranlar arasında psixoloji gərginliyi artmış insanlara köməklik göstərmək məqsədi ilə hüquqi yardım xidməti və psixoloji-reabilitasiya kursları təşkil edilərək intihar hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri apararaq, onlara cəmiyyətdə psixoloji və fiziki maneələrin minumuma çatdırılması üçün tibbi məsləhətlər verilərək köməklik göstərilib.

Daha sonra dəyirmi masa iştirakçılarından, layihənin hüquqşünası Fəqan Nəsibzadə, layihənin həkim- psixoloqu İbrahim Əsədli, 20 yanvar Cəmiyyəti İctimai Birliyinin sədri Soltan Əzimzadə, “Qarabağ müharibəsi Veteranları Şəhid Ailləri və Əlillərinə Sosial Yardım” İctimai Birliyin sədr müavini Almaz Əhmədova, “Müharibə veteranları qadınlarınına sosial yardım” İctimai Birliyinin sədri Radə Abbas, “Zəfər Yolu” İctimai Birliyin sədri Pərvanə Salaman qızı, Azərbaycan Demaktarik İslahatların İnkişafı İctimai Birliyinin sədri Cavid Şahverdiyev. “Aran Mediya” qrupunun drektoru Yeganə Telman qızı, “DSBŞAZ ”-nin təsisçisi Almaz Ələskərova və müharibə əlilləri, veteranlar çıxış edərək, Azərbaycan Respublikasının “Beynəlmiləlçi Əlil Döyüşçülər“ Fondunun həyata keçirdiyi “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsində qaldırılan, müharibə əlilləri və veteranların sosial və psixoloji-reabilitasiya problemləri ilə əlaqədar fikir və təkliflərini bildiriblər və layihə çərçivəsində görülən işləri müsbət qiymətləndiriblər.

Çıxış edənlər sonda belə bir aktual mövzuda olan layihənin icrasına görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kollektivinə öz təşəkkürlərini bildiriblər.

Sonda müharibə əlillərinin, veteranların müraciətlərini və xahişlərini nəzərə alaraq, dəyirmi masa iştirakçıları adından aidiyyəti olan dövlət təşkilatlarına, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müharibə əlillərinin, veteranların ən aktual olan sosial və psixoloji-reabilitasiya problemləri ilə bağlı təkliflərinin hazırlanaraq göndərilməsi qərara alınıb.