"İlham Əliyev alternativsiz Liderdir”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Sumqayıtda seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, təşviqat qrupunun üzvləri Zahir Həsənov, İlham Zəkiyev və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 7 fevral tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin son 20 il ərzində Azərbaycanda həyata keçirdiyi siyasət, gördüyü işlər əvəzsizdir. Bu dövr ərzində ölkəmizdə əsrə bərabər inkişaf yolu qət olunub. Qazanılan bütün uğurların əsasında cənab İlham Əliyevin milli maraqlara söykənən siyasəti dayanır.

Natiqlər bildiriblər ki, xalqımız Zəfər seçkisində də birlik, həmrəylik nümayiş etdirəcək və qalib Liderini seçəcək. Çünki xalqımız qalib Lider İlham Əliyevin dövlətimizi daha böyük nailiyyətlərə aparacağından əmindir.

Çıxış edən seçicilər ölkəmizin inkişafı və möhtəşəm Zəfər qazanılmasına görə cənab İlham Əliyevə minnətdar olduqlarını, bu siyasəti ürəkdən dəstəklədiklərini diqqətə çatdırıblar.