“İlham Əliyevə səs verməklə güclü və müasir Azərbaycanı seçəcəyik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatları Hicran Hüseynova və Emin Hacıyev, təşviqat qrupunun üzvləri Şakir Abuşov, Varis Yolçiyev və Nazilə Cəlilova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycanın iqtisadi uğurları günbəgün artır, ölkəmizdə ictimai-siyasi sabitlik qorunur, xalqımızın rifah halının daha da yaxşılaşdırılması təmin edilir.

Natiqlər qeyd ediblər ki, Azərbaycan vətəndaşları prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə inkişafı, tərəqqini, güclü və müasir Azərbaycanı seçmiş olacaqlar.

Sonda çıxış edən seçicilər fevralın 7-də seçimlərinin cənab İlham Əliyev olacağını bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.