"İnamımız sarsılmaz, mövqeyimiz dəyişməzdir!"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Xızı rayon Qərərgahında ziyalılar, ağsaqqallar, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra cənab İlham Əliyevin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Milli Məclisinin deputatı Müşfiq Məmmədli, təşviqat qrupunun üzvləri Fərrux Haqverdiyev, Xudayət Cabbarov və Həcər Rəsulova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, ölkəmizdə prezident seçkilərinin keçirilməsini şərtləndirən mühüm amillərdən olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın Vətən, torpaq sevgisindən qaynaqlanan birliyinin, həmrəyliyinin nəticəsidir. Tarixi Zəfərimizin memarı cənab İlham Əliyevə xalqın sevgisi sonsuzdur. 

Natiqlər seçiciləri dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.       

Seçicilər fevralın 7-də qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər. "İnamımız sarsılmaz, mövqeyimiz dəyişməzdir!" ,- deyə vurğulanıb.