İsmayıllıda minifutbol üzrə rayon birinciliyinə start verilib

İyunun 16–da İsmayıllı şəhidlərinin xatirəsinə həsr olunan minifutbol üzrə rayon birinciliyinə start verilib. Yarışın açılışında rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, Regional Mədəniyyət İdarəsinin məsul işçiləri, şəhid valideyinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-in bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıb, şəhidlərmizin qanının yerdə qalmadığını vurğulayıb.

Şəhid Aqil Mirzəliyevin anası və şəhid Ruslan Tağıyevin atası şəhidlərə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonra yarışlara start verilib. İlk görüş “Təzəkənd” və “New Star” komandaları arasında keçirilib.

Rayon birinciliyində 20 komanda iştirak edir. On gün davam edəcək yarışın yekununda qaliblərə Gənclər və İdman İdarəsinin diplom və medalları, pul mükafatı veriləcək.