Bu gün Mehriban xanım Əliyevanın doğum günüdür. Azərbaycanın xalqının sevgisini qazanan, qayğıkeş, fədakar Ana obrazını tərənnüm edən Mehriban xanım həm də ləyaqətli dövlət xadimi kimi ad qazanıb. Çoxşaxəli fəaliyyəti olan Birinci vitse-Prezident həm də ölkə başçısı İlham Əliyevin ən yaxın silahdaşı kimi Azərbaycan vətəndaşlarının sosial qayğılaının həlli üçün yorulmadan çalışır. Heydər Əliyev Fondunun rəhbəri olan Mehriban xanım mədəniyyətimizin inkişafına böyük töhfələr verib. Fond Azərbaycan tarixinin, mədəniyyətinin qorunmasını, xaricdə təbliğ edilməsi, həmçinin, ölkənin müxtəlif sferalarında mühüm layihələrin həyata keçirilməsi kimi titanik işlər görüb. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi”, Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması kimi layihələrlə minlərlə uşağa yeni həyat verib. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Amnistiya aktları minlərlə ailəyə sevinc bəxş edib. Heydər Əliyev Fondu tərəfindən ölkədə 500-ə yaxın yeni məktəb inşa olunub, uşaq bağçaları əsaslı təmir edilib.
Mədəniyyət abidələrinin bərpası, qorunması və mədəniyyətimizin təbliği istiqamətində mühüm addımlar atılıb. Azərbaycan musiqi incilərinin qorunub saxlanılması və dünya musiqi inciləri sırasında yer alması, Azərbaycanı tanıdan incəsənət festivalları və sərgilərin keçirilməsi kimi işlər reallaşdırılıb.
İşğal dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində böyük işlərə imza atıb. Vətən müharibəsinin getdiyi günlərdə yaralı hərbçilərimizə dəstək verib, tarixi zəfər qazandıqdan sonra şəhid ailələri və qazilərin qayğısına qalıb, onlar üçün bir ana olub.
Mehriban Əliyeva beynəlxalq arenada mədəniyyətin qoruyucusu və siyasətdə xanımların örnəyi olaraq tanıyır. O, məhz bəşəri mədəniyyətin qorunması işinə görə “Qızıl Motsart” medalına layiq görülüb.
“Kədəri sevincə çevirən insan” kimi qiymətləndirilən Mehriban xanım bütün dünyada insanlığın yaşaması üçün çabalar göstərir. O, təkcə Azərbaycanda yox, dünyanın müxtəlif guşələrində kədərləri öz şəfqətli toxunuşu ilə sevincə çevirir. Məhz buna görə də, O, "Heydər Əliyev mükafatı", Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilmiş, Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninə, Rusiya Federasiyasının "Dostluq" ordeninə, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru diplomuna və onlarca digər təltif və mükafatlara, fəxri adlara layiq görülmüşdür. Son 20 ildəki humanist və insanpərvər fəaliyyəti ilə cəmiyyətin ümid və pənah yerinə çevrilmiş Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti statusunda da dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldur.
Ötən illərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda təşkil olunan yüksəksəviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qadın hüquqlarının qorunması, savadsızlığın, dini, irqi və s. ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib ideyalar üstünlük təşkil edib. Xatırlatmaq yerinə düşər ki, Mehriban xanım Əliyevanın 2012-ci ildə "Avroviziya" Beynəlxalq Musiqi Yarışmasının, 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2016-cı ildən etibarən "Formula-1" yarışlarının təşkili istiqamətində nümayiş etdirdiyi yüksək təşkilatçılıq, qonaqpərvərlik nəticəsində Azərbaycan Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual, mədəni baxımdan zəngin, multikultural ölkəsi olduğunu sübuta yetirib. Bu tədbirlərin hər birinin yüksək səviyyədə keçirilməsi dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı, kreativ idarəetmə üslubu, ən başlıcası, Azərbaycanı dünyaya sivil, müasir, inkişaf edən dövlət kimi təqdim etmək məramının nəticəsi idi. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu il noyabr ayında ölkəmizdə keçiriləcək daha bir dünya miqyaslı tədbirin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkili prosesinə sanballı töhfələrini verir.
İltizam Yusifov
VI çağırış Milli Məclisin deputatı