Laçın şəhəri günü- ədalət və zəfər təcəssümüdür

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri bizim nəzarətimizə keçdi. Laçın strateji əhəmiyyətə malikdir.

 “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyevin dediyi kimi: “ Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi”. Uzun və nəticəsiz qalan danışıqlar zamanı“5+2” formatını irəli sürən, Qarabağdakı az saylı erməni üçün (nəzərə alsaq ki, onların böyük bir qismi müharibədən sonra Ermənistan tərəfindən qanunsuz məskunlaşdırılmışdı.) israrla status tələb edən Ermənistan və havadarlarının planları darmadağın oldu. İndi Qarabağ, Şərqi Zəngəzurun kənd və şəhərlərində, o cümlədən Laçında Azərbaycan bayrağı dalğalanır. Laçın şəhərində, Sus və Zabuxda, eləcə də digər kənd və şəhərlərimizdə həyat yenidən canlanır, insanlar qayıdır, qurur, yaradır. Ermənistan-Azərbaycan şərti dövlət sərhədində Laçın postumuz fəaliyyət göstərir. Artıq Azərbaycan işğaldan azad edilmiş şəhərlərdə bayramlar keçirir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günüdür. Bizə bu Şanlı Zəfəri yaşadan bütün şəhidlərimizi hörmət və ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik!

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində dediyi “Biz şəhərlər tikirik, onlar özlərinə villalar tikirlər” ifadəsi öz torpaqlarının əsl sahibləri ilə işğalçıların törətdiyi cinayətlərin ən doğru müqayisəsidir. Vətən müharibəsi bitəndən sonra qısa bir zamanda işğaldan azad edilmiş ərazilərimiz sürətlə dirçəlməyə başladı. Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən canlanır, quruculuq işləri aparılır. Bu əraziləri ziyarət edən hər bir şəxs istər öz vətəndaşlarımız, istərsə də xarici diplomat, siyasətçi, jurnalist erməni vandalizmini, eyni zamanda, azərbaycanlıların quruculuğunu əyani şəkildə görür. Heytərlənməmək olmur, gözlərimizin önündə çox sürətlə, kəndlər, şəhərlər yenidə yaradılır.

Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin siyasətinin, diplomatik məharətinin unikallığı da bundadır. O, regionun ən güclü ordusunu, Cənubi Qafqazın ən güclü iqtisadiyyatını, ərazi bütövlüyümüzün qorunması və suveren hüquqlarımızın bərpa edilməsi üçün mühakiməsiz hüquqi bazasını yaratdı. Və bununla da Ermənistanın tarixi müttəfiqləri tərəfindən müharibənin gedişinə müdaxilədən, təzyiqdən Azərbaycanı qoruyaraq hərbi və diplomatik qələbəyə nail ola bildi. Və heç kim bizi yolumuzdan döndərə , iradəmizə təsir edə bilməz. Ölkə başçısının dediyi kimi, “Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”.

Azərbaycan bu tarixi Zəfərlə yeni reallıqlar yaratdı və ölkəmizin dünyada nüfuzu və əhəmiyyəti dəfələrlə artdı. Ata vəsiyyətini həyata keçirən, azərbaycanlıların başını ucaldan Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin həqiqətlərini, tarixini, mədəniyyətini dünyada təbliğ edən Respublikanın birinci vitse-prezidenti Mehriban Əliyevanın tarixi missiyası hələ davam edir. Onlar müasir tariximizin yeni səhifəsini açır, işğaldan azad edilmiş əraziləri yenidən canlandırırlar. Laçında müəssisələrin təməli qoyulur, açılışlar edilir, ora həyat qayıdır. İşğal edilmiş bütün ərazilər kimi Laçın da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın heyrətamiz zəhməti, Vətənə böyük məhəbbəti sayəsində yenidən qurulur.

Bunu bütün dünyada, Ermənistanda da görürlər. Bir çox erməni jurnalistləri, bloggerləri, siyasətçiləri, sadə insanlar əsrin dörddə birində işğal altında olan, indi isə xalqımızın qəhrəmanlığı və zəhməti, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vətənimizin hər qarış məhəbbəti sayəsində gündən-günə çiçəklənən Qarabağın, Şərqi Zəngəzurun necə sürətlə canlandığını, dirçəldiyini görürlər.

Azərbaycan tarixi ədaləti bərpa edərək, tarixi torpaqlarını işğaldan azad etmişdir. Ləyaqətlə vuruşaraq, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq suveren hüquqlarını müdafiə etmişdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətlə böyük quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər öz tarixi və əbədi evlərinə qayıdır. Burada hər yaşdan, hər nəsildən olan insanlar var: yaşlı, orta və gənc nəslin nümayəndələri. Bu tarixi reallıqdır və hər kəs bunu qəbul etməli, nəzərə almalıdır. Prezident İlham Əliyevin dediyi kimi: “ Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

professor Hicran Hüseynova