Malik Həsənov: Möhtərəm Prezidentimiz İslam dünyasını ermənilərin tarixi irsimizə nə etdiklərini görməyə çağırır

   “Azərbaycan 30 ilə yaxın dövrdə  haqq səsini dünyaya çatdırmaq üçün bütün imkanlarını səfərbər etdi, ən yüksək tribunalardan Ermənistanın işğalçılıq siyasətini pislədi, dünyanın aparıcı dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlara bu çağırışı etdi ki,  həqiqətlərə həqiqət gözü ilə baxmaq zamanıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 17 ildə  uğurla davam etdirən möhtərəm Prezidentimiz  İlham Əliyev bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla  müdafiə edir.  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gündə  yazdığı şanlı tarix bir daha  təsdiqlədi ki, hadisələrə ən böyük dəyəri zaman özü verir, ən əsası Azərbaycan Prezidenti  nəyi necə,  nə vaxt  etmək lazımdır,  yaxşı bilir. 30 il sahibini gözləyən torpqlarımıza qayıtmaq üçün gücləndik, tarixi həqiqətlərə əsaslanan təbliğatımız sayəsində münaqişənin həlli üçün möhkəm hüquqi baza yaratdıq.” Bu fikirləri  Milli Məclisin deputatı Malik Həsənov bildirib.

     “Artıq tam əminliklə deyə bilərik  ki,  Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb.  Azərbaycan tarixi Zəfər qazanıb  və erməni vəhşiliklərinin şahidi olan  dağıdılmış ərazilərimizdə bərpa işləri başlayıb” söyləyən millət vəkili  qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən bir daha  diqqəti 44 günlük İkinci Qarabağ müharibəsinə gedən yola, tarixi Zəfərimizə  yönəldərək bildirmişdir ki,  bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğala son qoyuldu: “Bu ərazilərimizdə bütün evlər, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. Təbiətə qarşı ekoloji terror törədilib. Postmüharibə dövründə  əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edərək  ermənilərin necə vəhşiliklər törətdiklərini gözləri ilə görürlər. Mənfur düşmənin  tarixi və dini məkanları, məscidləri, qəbiristanlıqları  dağıtması islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Bu gün Azərbaycanın   məqsədi  atdığımız addımların haqq işi olduğunu,  beynəlxalq hüquqa  və ədalətə əsaslandığını dünyanın diqqətinə çatdırmaqdır. 30 ilə yaxın müddətdə kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələri 44 gündə icra edildi. Ermənistana və ona havadarlıq edən dövlətlərə beynəlxalq hüquq deyilən məfhumun mövcudluğu və onun icrası  üçün vahid mexanizmin müəyyənləşdirilməsinə ehtiyacın  olduğu çatdırıldı.”

     M.Həsənov vurğulayıb ki, indi bərpa, quruculuq dövrüdür: “Azərbaycan bütün dost ölkələri bu prosesdə iştirak etməyə  çağırır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  ən böyük problem minalardır.  Ermənistan  minalanmış sahələrin  xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir. Amma yenə də müşahidə etdiyimiz real mənzərə budur ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar  susmaqda davam edirlər.  Belə susmaların 30 ilə yaxın dövrdə hansı faciələrə yol açdığını bilərəkdən yenə də seyrçi mövqedə dayanmaq həmin dövlətlər üçün   beynəlxalq hüququn arxa plana keçdiyinə  işıq salır.  Lakin Azərbaycan yenə də bu yanaşmalara görə  ruhdan düşmür, tarixi torpaqlarına qayıtdığı üçün qürur duyur,  minatəmizləmə prosesini uğurla həyata keçirərək  yenidənqurma işlərini planlaşdırır. Şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir. Dövlətimizin başçısı İlham Əliyev  İslam dünyasını  ermənilərin  bizim tarixi irsimizə nə etdiklərini və yenidənqurma prosesini görməyə çağırır.”

   Millət vəkili bu məqamı da xüsusi qeyd edib ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər: “Müsəlmanları, dinimizi təhqir edən işğalçı dövlətə dost demək narahatlıq doğurur.  Onların “dost” deyib səmimiyyət qurduqları ölkəyə rəhbərlik etmiş cəlladlar məscidlərimizi dağıdıblar.  İşğalçı dövlət bunlara görə cavab verəcək.  Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, bu məscidlər bərpa ediləcək,  vətəndaşlar gəlib burada ibadət edəcək, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq.”

    “Vətən müharibəsindən 5 ay keçməsinə baxmayaraq dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  ünvanına təbrik məktubları  gəlməkdə davam edir. Həmçinin keçirilən görüşlərdə, videoformat şəklində beynəlxalq əhəmiyyətli tədbirlərdə  Azərbaycanın tarixi Qələbəsi münasibətilə ölkə Prezidentimizə  təbriklər çatdırılır,  Zəfərimizdə    rolu yüksək dəyərləndirilir.  Bu, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə dəstəklənməsindən, Ermənistanın işğalçı siyasətinin pislənməsindən, haqqın-ədalətin qalib gəlməsindən yaranan ruh yüksəkliyindən  xəbər verir. İslam Əməkdaşlıq Təşkilatının  Baş katibi Yusif bin Əhməd əl-Osayminin  “Cənab Prezident, bu böyük Qələbə münasibətilə Sizi təbrik edirəm. Bu, yalnız Sizin deyil, bizim də qələbəmizdir və biz çox xoşbəxtik. Mən Sizin liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində torpaqların işğalı məsələsində təmkinlə davrandınız, bunun başqa bir ölkədə ola biləcəyinə inanmıram. Sizin məsələniz haqq işi idi – torpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi” fikirləri də bu dəyərin aydın ifadəsidir”, - deyə Malik Həsənov bildirib.

 Millət vəkili   Zəfərimizin Azərbaycanın qarşısında geniş imkanlar açdığını önə çəkərək bu əminliyi də ifadə edib ki,  əməkdaşlığın  daha da möhkəmlənməsi, yeni formatların yaradılması fonunda bölgədə daimi sülh və təhlükəsizlik təmin ediləcək, iqtisadi əlaqələr genişlənəcək, işğaldan azad edilmiş torpaqlarımızın malik olduğu potensial imkanlar ölkəmizə investisiya axınını sürətləndirəcək.