Məqsəd ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir

Məşhur Məmmədov
Milli Məclisin deputatı


Ötən həftə Bakı daha bir mötəbər tədbirə evsahibliyi etdi. Martın 2-də açılışına start verilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü və orda qəbul edilən qərarlar hər bir iştirakçı ölkə üçün mühüm xarakter daşıyır.

2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Görülən səmərəli işlərin nəticəsi olaraq sədrlik müddəti yekdil qərarla daha bir il uzadıldı. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Qeyd etmək yerinə düşər ki, Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü Azərbaycan irəli sürmüşdü. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün sözügedən məlumat bazasına istinad edib.

Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu bir daha nümayiş etdirdi, məsuliyyətini artırdı.

Cənab Prezident İlham Əliyev martın 2-də Zirvə görüşünün açılışında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə karonavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib. Azərbaycanın Hərəkatın institusional inkişafına güclü dəstəyi davam edir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib.

Cənab Prezidentin vurğuladığı kimi, bu gün neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir. Çıxışı zamanı BMT-nin sistemində aparılan islahatlara toxunan ölkə başçısı qeyd etdi ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.
BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir.

Pandemiya “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir edib. Hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir.

2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.
İştirakçıların nəzərinə çatdırıldı ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Hərəkatın səsini qlobal miqyasda eşitdirmək üçün cənab İlham Əliyev zamanın tələbinə uyğun olaraq Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etdi. Ümumilikdə götürındə, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü

Bütün dünyada sülhə doğru mühüm addım adlandırsaq, yanılmarıq.