Mikayıl Cabbarov: “Azərbaycanda logistikaya investisiya üçün yaxşı imkanlar var”

“Son illərdə bölgədəki geosiyasi səbəblərə görə Azərbaycana Şimal-Qərb və Şimal-Şərq marşrutları üzərindən tranzit-nəqliyyat sahəsində çox böyük artım müşahidə edilir”.

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

“Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb və Qərb-Şərq nəqliyyat marşrutları üzərində yerləşdiyini nəzərə alsaq, logistikaya investisiya üçün yaxşı imkanlar var. Məhsulunu təkcə Azərbaycanda deyil, xaricdə də satmaq istəyən şirkətlər yaxşı olardı ki, Ələt Azad İqtisadi Zonasında müəyyən güzəştlərdən istifadə edərək müəssisələrin yaradılmasına investisiya yatırsınlar”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, şirkətlər Ələt Azad İqtisadi Zonasında istehsal etdikləri malların azı 75%-ni ixrac etməlidirlər. Bunun məqsədi kiçik müəssisələrin yerli bazara konsentrasiyasının qarşısını almaqdır.