Milli-mənəvi dəyərlər, intizam və ideoloji təhlükəsizlik

Son dövrlərdə dövlət ümumi təhsil müəssisələrində şagirdlər və müəllimlər üçün vahid geyim tələblərinin tətbiqi ətrafında müzakirələr aktuallıq qazanıb. Hesab edirəm ki, bu məsələyə yalnız geyim çərçivəsində deyil, təhsil siyasəti, məktəbdaxili intizam, milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizliyin təmin edilməsi baxımından yanaşmaq lazımdır. Çünki məktəb yalnız bilik verilən məkan deyil, həm də gələcək nəslin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və davranış mədəniyyətinin formalaşdığı mühüm ictimai institutdur.

Vahid məktəbli forması şagirdlər arasında ailələrin maddi imkanlarından irəli gələn zahiri fərqlərin təsirini azaltmağa, sosial bərabərliyi və kollektivə aidlik hissini gücləndirməyə xidmət edir. Məktəbdə əsas meyar uşağın geyimi deyil, biliyi, bacarığı və davranışı olmalıdır. Eyni zamanda, müəllimlərin sadə, səliqəli və işgüzar geyim üslubuna riayət etməsi peşəkarlığın, qarşılıqlı hörmətin və məktəbin təşkilati mədəniyyətinin möhkəmlənməsinə töhfə verir. Aydın və hamıya eyni qaydada tətbiq olunan tələblər təhsil prosesinə məsuliyyətli yanaşmanı təşviq edir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərdə də vurğulandığı kimi, ideoloji təhlükəsizliyin təmin olunmasında təhsil və vətənpərvərlik mühüm rol oynayır. Müasir dövrdə uşaqların və gənclərin müxtəlif ideoloji təsirlərdən qorunması, onların milli kimliyə bağlı, savadlı və məsuliyyətli vətəndaşlar kimi yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan dünyəvi təhsil sisteminin qorunması və məktəbdə vahid yanaşmanın tətbiqi dövlətin təhsil siyasətinin mühüm istiqamətlərindəndir.

“Ümumi təhsil haqqında” Qanunda millilik və dünyəvilik prinsiplərinin milli və ümumbəşəri dəyərlərin qorunması ilə əlaqələndirilməsi də bu yanaşmanın hüquqi əsasını təşkil edir. Bununla yanaşı, dünyəvilik milli-mənəvi irsə və dini etiqad azadlığına hörmətsizlik kimi qiymətləndirilməməlidir. Azərbaycan dövlətinin dini-mədəni abidələrin bərpasına, dini icmalara və milli-mənəvi irsin qorunmasına göstərdiyi diqqət bu dəyərlərin dövlətçilik ənənələrində mühüm yer tutduğunu göstərir.

Vahid geyim qaydaları məqsəd deyil, intizamlı, bərabərhüquqlu və sağlam təhsil mühitinin formalaşdırılmasına xidmət edən vasitədir. Əsas vəzifə milli-mənəvi dəyərlərə bağlı, dünyəvi düşüncəyə malik, vətənpərvər və məsuliyyətli gənc nəslin yetişdirilməsidir. Güclü dövlətçilik isə hüquqi prinsiplərə riayət olunması, milli kimliyin qorunması və cəmiyyətdə qarşılıqlı hörmətin möhkəmləndirilməsi ilə mümkündür.

Əminə Ağazadə

Milli Məclisin deputatı