Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Milli-Mənəvi Dəyərlərimizin İzində” layihəsi çərçivəsində 23 avqust 2025-ci il tarixində Xızı rayonuna maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiyada 55–65 yaş arası ahıl nəslin nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi yaşlı vətəndaşların asudə vaxtının səmərəli təşkili, onların milli-mənəvi irsimizlə tanışlığının artırılması, tarixi yaddaşın qorunaraq gələcək nəsillərə ötürülməsi, eləcə də sosial aktivliklərinin dəstəklənməsi olub.
Səfər çərçivəsində iştirakçılar Altıağac Milli Parkını, Xızı şəhərində yerləşən Heydər Əliyev Parkını, bölgənin tarixi və mədəniyyət nümunələrini ziyarət ediblər. Ekskursiya boyunca onlara rayonun təbiəti, tarixi irsi və milli-mənəvi dəyərləri barədə geniş məlumat təqdim olunub. Sonda isə Xızı rayon Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin əziz xatirəsi yad olunub.
Yaşlı nəslin nümayəndələri göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkür edərək bildiriblər ki, bu cür tədbirlər həm onların ictimai həyata fəal inteqrasiyasına, həm də milli kimliyin möhkəmləndirilməsinə mühüm töhfə verir. Onlar layihənin davamlı olmasının əhəmiyyətini vurğulayaraq, gələcəkdə də bu kimi faydalı fəaliyyətlərin təşkilini arzuladıqlarını qeyd ediblər.