Milli Qəhrəmanlar Prezident İlham Əliyevə müraciət ediblər

Azərbaycan Respublikasının Milli Qəhrəmanları Sahil Məmmədov və Zabit Quliyev Prezident İlham Əliyevə müraciət ediblər.
Sabahnfo.az müraciəti olduğu kimi təqdim edir: “Biz Azərbaycanın Milli Qəhrəmanı olmağımıza baxmayaraq, 2024-cü ildən bu günə kimi üzləşdiyimiz problemlərin həll olunması üçün əlaqədar dövlət qurumlarına ünvanladığımız onlarla, bəlkə də yüzlərlə müraciətimizə nə cavab verən olub, nə də problemimiz həll olunub. Əksinə, daha da çıxılmaz duruma düşmüşük.
Müqəddəs bayrağımız uğrunda ölümün gözünə dik baxan bizlər üçün bu laqeydlik bəzən güllə yarasından daha ağır təsir edir. Vətən üçün canından keçməyə hazır olan insanın qəlbinə dəyən bu biganəlik, sanki illər öncə döyüş meydanında buraxdığımız nəfəsimizin kölgəsini belə incidib.
Məmurlar tərəfindən bizə yaşadılan problemlər o qədər mənəviyyatımıza toxunub ki, Qarabağ döyüşlərində şəhid olmadığımızın peşmançılığını çəkirik.
Bu sözləri demək bizə ağır olsa da, bu artıq bir qəhrəmanın harayıdır - dövlətinə sığınan, amma səsindəki ağrını boğa bilməyən bir haray…
Müraciətlərimizin cavabsız qaldığını nəzərə alaraq, noyabr ayının 15-dən etibarən üzləşdiyimiz problemlər barədə ətraflı şəkildə müraciətlərimizi Sizə ünvanladıq. Çox güman ki, bizlərə bu həyatda cəhənnəmi yaşadan məmurlar həmin müraciətlərin Sizə çatmasının qarşısını alırlar.
Cənab Prezident,
Müzəffər Ali Baş Komandan!
1995-ci ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən bizə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildiyi gün bizlər həyatımızın ən qürurlu anını yaşadıq.
O gün aldığımız ad yalnız bir orden deyildi - Vətən torpağı qədər uca bir məsuliyyət, xalqın etimadı və şəhidlərimizin ruhuna verilən bir and idi.
1998-ci ildə Ümummilli Liderimiz şəxsən bizə Milli Qəhrəman medalını təqdim edərkən və “Azərbaycan xalqı Milli Qəhrəmanları ilə qürur duyur, duyub və duyacaqdır. Sizin kimi qəhrəmanlarımızla Prezident kimi mən də qürur duyuram” sözlərini söylədiyi zaman, o an sanki ömrümüzün mənası, Vətənə olan sədaqətimizin mükafatı kimi yaddaşımıza əbədi həkk olundu.
Eyni duyğunu 2019-cu ildə Sizin tərəfinizdən mənzilin və avtomobilin sənədlərini şəxsən bizlərə təqdim edərkən də yaşadıq. Sizin “Sizinlə qürur duyuram, görürsünüz, artıq Azərbaycan öz avtomobilini də istehsal etməyə başlayıb” sözləriniz və bizlərlə göstərdiyiniz isti münasibətiniz bizim üçün sadəcə bir dövlət başçısının ifadəsi deyil, bir ömür boyu qəlbimizdə daşıyacağımız bir dəyər, bir mənəvi dayaq oldu.
Həmin an bizə verilən dəyər bir daha sübut etdi ki, Azərbaycan dövləti qəhrəmanının yanında dayananda onun gücü min qat artır, nəfəsi genişlənir, ürəyi Vətən üçün yenidən döyünməyə başlayır.
O an bizlər bir daha anladıq ki, Vətən üçün canını ortaya qoyan insan heç vaxt unudulmur.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyiniz gündən etibarən daim bizlərə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğını davam etdirdiyiniz üçün, ünvanladığımız müraciətlərimizin Sizə çatmadığını nəzərə alaraq, məcburiyyət qarşısında qalaraq mətbuat vasitəsilə müraciət etmək qərarına gəldik.
Cənab Prezident,
Müzəffər Ali Baş Komandan!
Sizdən xahiş edirik ki, bəzi məmurlar tərəfindən 2024-cü ildən etibarən bizlərə yaşadılan problemlərin həll olunması üçün bizi qəbul edəsiniz.
Bu, sadəcə bir şikayət deyil - bu, illərdir döyüş meydanında Vətən üçün döyünən bir qəhrəmanın səsini eşitmək istəyidir. Sizin adalətinizə, rəhbərliyinizə və hər bir vətəndaşınıza göstərdiyiniz qayğıya sığınaraq ümid edirik ki, bu haray qulaq ardına vurulmayacaq. Bizim istəyimiz ancaq və ancaq Azərbaycan dövlətinin bizə bütün dövrlərdə göstərdiyi dəyərin davam etməsidir.
Biz döyüşdə susduq ki, Vətən yaşasın… İndi isə danışırıq ki, haqqımız yaşasın”.