“Milli satqınlar Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələrin əlində alətə çevrilib”

Azərbaycanın yerləşdiyi coğrafiya, ölkəmizin artan nüfuzu burada cəmiyyəti parçalamaq, cəmiyyətlə dövlət arasında monolitliyi sarsıtmaq cəhdlərilə çıxış edən ünsürlərlə mübarizəni də qaçılmaz edir. Təəssüf ki, bu prosesdə milli satqınlar ön plandadır və onlardan alət kimi istifadə olunur. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli də hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur. Ə.Kərimli barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır. R.Mehdiyev də dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət, eyni zamanda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur. Görünən budur ki, Ramiz Mehdiyev-Əli Kərimli cütlüyünün hakimiyyəti ələ keçirmək planı olub və bu plan iflasa uğrayıb. 2019- cu il oktyabrın 19-da, Ramiz Mehdiyevin Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən azad olunmasından cəmi 4 gün əvvəl antimilli şura Bakıda icazəsiz mitinq təşkil etməyə cəhd göstərmişdi, hətta Əli Kərimli mitinq iştirakçılarını polisin qanuni tələblərinə riayət etməməyə təhrik edirdi. Həmçinin Tovuz döyüşləri zamanı da AXC-nin təxribatçı davranışlarının şahidi olduq. Belə ki, xalqımızın erməni təxribatlarına etiraz olaraq Bakıda Şəhidlər Xiyabanına doğru birlik yürüşünə Əli Kərimlinin dəstəsindən olan təxribatçıların müdaxiləsi, eyni zamanda Milli Məclisin binasını ələ keçirmək cəhdi də bu məkrli planın tərkib hissəsi idi. Azərbaycanın əsas hədəfi ərazi bütövlüyü və suverenliyimizin bərpasını təmin etmək olduğu halda bəzi siyasi qruplar öz maraqlarını milli maraqlardan üstün tutaraq, şimaldan xüsusi təlimatlar alır, ölkədə çevriliş etməyə, xaos yaratmağa çalışırdılar. Burada AXCP-ni Rusiyaya bağlayan maraqlar açıq şəkildə özünü göstərir. Belə ki, Əli Kərimli 2013-cü il seçkiləri ərəfəsində formalaşan məlum “Milyarderlər İttifaqı”nın maliyyəsi hesabına Cəmil Həsənli və Gültəkin Hacıbəylinin də təmsil olunduğu Milli Şuranı yaratmışdı. Yəni, AXCP və Milli Şuranın maliyyələşməsində Rusiyada yaşayan azərbaycanlılardan istifadə olunması diaspora üzərindən siyasi tələblərin mövcudluğunu təsdiqləyir. Son araşdırmalar da göstərir ki, Ramiz Mehdiyev və Əli Kərimli arasında gizli görüşlər, məxfi məlumat mübadiləsi həyata keçirilsə də, məkrli “Dövlət Şurası” planı baş tutmayıb. 

Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Cənubi Qafqazda təsir dairəsini genişləndirməyə çalışan şimal qonşumuzun bu məqsədlə Azərbaycanda Ramiz Mehdiyevə bağlı qüvvələrdən istifadə edəcəyi, radikal davranışları ilə seçilən AXCP-nin bu prosesdə öndə gedəcəyi istisna edilmir. Bu mənada AXCP-nin vaxtında zərrəsizləşdirilməsi bütövlükdə dövlət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Siyasəti “şəxsi maraqlar üçün mübarizə” kimi görən bu antimilli ünsürlər anlamır ki, milli maraqlar strateji xarakter daşıyır. Milli və dövlətçilik maraqları bütün xalqı birləşdirən dəyərlərdir, cəmiyyətin və dövlətin əsas sütunlarıdır. Ona görə də siyasi maraqlar ümummilli dəyərlərlə uyğunlaşdırılmalı, ziddiyyət yaratmamalıdır. Bu, həm dövlətin davamlılığı, həm də cəmiyyətin rifahı üçün vacibdir. Burada ayırıcı, destruktiv ünsürlərə yer yoxdur.

Könül Nurullayeva 

Milli Məclisin deputatı