Mövcud razılaşma ölkəmizin ixrac potensialını artırır

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub, Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsində iştirak edib. Səfər çərçivəsində BƏƏ-nin "Masdar" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma sənədi imzalanıb. "Yalnız həmin layihə nəticəsində "Masdar" ilə apardığımız əməkdaşlıq Azərbaycanı "yaşıl enerji"nin çox mühüm ixrac mənbəyinə çevirəcək", - deyə Prezident İlham Əliyev çıxışında deyib.  Səfər zamanı əldə edilmiş razılaşmalar iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Azərbaycanla BƏƏ arasındakı münasibətlərin kifayət qədər inkişaf edən tempdə olduğunu bildirib. Deputat deyib ki, iki ölkənin münasibətləri xüsusilə "yaşıl enerji" sahəsindəki əməkdaşlıq fonunda inkişaf edir.  
"2021-ci ilin fevralında Milli Prioritetlər müəyyən edilərkən qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq, ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payının artırılması hədəf kimi müəyyən edilib. Azərbaycan Prezidentinin zamanı qabaqlayan vizyonu texnoloji inkişafın yaradacağı böhranlarda boğulmamaq, əksinə, gələcəyi idarə etmək istəyənlər üçün tədricən müsbət təcrübə kimi diqqət cəlb etməyə başladı. Belə bir şəraitdə Prezident İlham Əliyevin qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, habelə innovasiya üçlüyünü ehtiva edən Əbu-Dabi Davamlılıq Həftəsinin açılış mərasiminə dəvət olunması ilk növbədə məhz dövlətimizin qeyd olunan istiqamətdə aparıcı mövqedə qərarlaşması ilə izah olunmalıdır", - deyə deputat qeyd edib.
B.Məhərrəmov deyib ki, Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərinin mahiyyətini araşdırmaq üçün Yaxın və Orta Şərqdəki, o cümlədən Qafqazdakı geosiyasi situasiya və ölkələrin bu proseslərdəki rolu ayrı-ayrılıqda təhlil olunmalıdır: "Azərbaycanla bağlı məsələlər təbii ki, aydındır. Prezident İlham Əliyevin hakimiyyəti illərində tam iqtisadi müstəqilliyə nail olmaqla siyasi suverenliyini möhkəmlədən, güclü ordu quruculuğu həyata keçirən, milli müdafiə sənayesi yaradan Azərbaycan xüsusən Vətən müharibəsindəki qələbəsindən sonra bölgənin şəksiz diktə edən hərbi-siyasi gücüdür. Cənab İlham Əliyevin təbiri ilə desək, Azərbaycan artıq bölgənin siyasi gündəmini müəyyən edən dövlətdir. BƏƏ isə son 30 ildə imkanlarını artırmaqla, bütövlükdə Yaxın və Orta Şərqin aparıcı güclərindən birinə çevrilib. Misir, Liviya, Yəmən, Efiopiya, Somalidə həyata keçirdiyi hərbi-siyasi fəaliyyətlər, İsraillə strateji  işbirliyi, ABŞ-də, bir sıra Avropa ölkələrində lobbiçilik fəaliyyəti BƏƏ-nin qlobal müstəvidə ciddi siyasi qütbə çevrildiyini göstərir".
Deputatın sözlərinə görə, bütün bunlar o mənaya gəlir ki, İlham Əliyevin BƏƏ-yə işgüzar səfərinin siyasi-iqtisadi, hərbi və təhlükəsizlik məzmunlu istənilən nəticəsi bütövlükdə regional təsirlərlə müşayiət olunacaq. Təsirlərin istiqamətini proqnozlaşdırmaq isə çətin deyil.
"İlk növbədə nəzərə almalıyıq ki, BƏƏ rəsmi Bakının Cənubi Qafqazda hərbi-siyasi fəaliyyətini regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində sülhsevər səy hesab edir və bunun bəyan olunmasından çəkinmir. Üstəlik, Prezident Şeyx Məhəmməd bin Zayed bütün bunları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr hesab edərək dövlət başçımızı təbrik edir. Əvvəldə də qeyd etdiyimiz kimi, BƏƏ-nin siyasi təsir dairəsinin radiusuna, ABŞ və Avropada ciddi lobbiçilik imkanlarına baxsaq, bu, hazırkı həssas məqamda Ermənistan və havadarları üçün ciddi zərbədir. Yəni qlobal donor olan BƏƏ Azərbaycanın istər Ermənistanla sərhəddə, istərsə də öz sərhədləri daxilində həyata keçirdiyi və keçirəcəyi istənilən hərbi-siyasi, yaxud cəza tədbirlərini bəşəri sülh üçün töhfə hesab edir. Hətta BƏƏ-nin bu mövqeyi yalnız sözdə qalmır. Bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının Cənubi Qafqaz regionuna aid müzakirələrində də Birləşmiş Əmirlik Azərbaycana birmənalı dəstək verməklə bu mövqeyində nə qədər qəti olduğunu ifadə edib. Prezident İlham Əliyev də BƏƏ-li həmkarıyla görüşdə onların dəstəyini yüksək qiymətləndirərək, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu deyib", - deyə B.Məhərrəmov bildirib.
Deputatın dediyinə görə, "yaşıl enerji" və müasir innovasiyalar məkanına çevrilən BƏƏ-nin rəhbərliyi əmindir ki, Azərbaycanın milli maraqlarını istisna etməyən istənilən regional məsələdə Prezident İlham Əliyevə güvənmək olar: "Yeni dünya düzəninə hazırlıq üzrə ən yaxşı müstəvilərdən hesab edilən Davamlılıq Həftəsində ev sahibi üçün etibarlı Azərbaycandan daha uyğun və daha adekvat ikinci tərəfdaş tapmaq mümkün deyildi. Üstəlik, Azərbaycan BƏƏ-də yalnız bəyanatlarla kifayətlənmədi, iki ölkə arasında yeni dünya düzəni, "yaşıl enerji" ekosistemi üzrə çox mühüm razılaşmalar əldə olundu. SOCAR və Əbu-Dabinin "Masdar" şirkəti arasında mühüm sazişlərin imzalanması ilə rəsmi Bakı sözü və əməli bir olan güc mərkəzi kimi özünü növbəti dəfə təsdiqlədi".
B.Məhərrəmov bildirib ki, Azərbaycan Prezidentinin BƏƏ-yə səfəri yüksək səviyyədə olan tərəfdaşlığımızı daha da dərinləşdirdi: "BƏƏ-Azərbaycan münasibətlərinin kökündə dayanan amillərdən ən başlıcası da məhz İlham Əliyev şəxsiyyəti, onun barəsində möhkəmlənən "sözü və imzası bir olan nüfuz sahibi" qənaəti ilə sıx bağlıdır. Birləşmiş Əmirlik üçün Qafqazda mütəmadi hökumət böhranları ilə üzləşən qeyri-sabit subyektlərlə deyil, möhkəm dövlətçilik, güclü və kənar təsirləri istisna edən müstəqil siyasi sistemə malik Azərbaycanla tərəfdaşlıq istisnasız olaraq yeganə seçimdir".