Niyə məhz İlham Əliyev?

Bu günlərdə ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində ilkin rəy sorğusunun nəticələrini açıqladı.

Sorğuda iştirak edən 3 min respondentin  97 faizi “Prezident seçkiləri bu günə təyin edilsəydi  kimə səs verərdiniz” sualına “İlham Əliyev” cavabını verib. Bu cavab kimsəni təəccübləndirirmi? Hətta Amerika təşkilatı sorğu keçirməsəydi belə, biz nəticələri təxmin edə bilməzdik? Məgər ətrafımızdakı sağlam düşüncəli insanlar mövqeləri bizə nəticə çıxarmağa imkan vermir?

Fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərinin favorit namizədi cənab İlham Əliyevə xalqın sevgisinin arxasında hansısa vədlər, şüarlar deyil, görülən işlər, aparılan islahatlar və əldə edilən uğurlar dayanır.

Xalq niyə İlham Əliyevə səs verməlidir?

2003–2023-cü illər ölkəmizin  çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm 20 il kimi daxil olub.  2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun dəyəri 7,1 milyard manat olduğu halda, 2022-ci ildə 133,7 milyard manat təşkil edib. 20 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 2022-ci ildə 69,8 milyard manata çatdırılıb. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2023-cü ildə bu rəqəmin 34 milyard manata yaxın olacağı gözlənilir. 20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına sahib idi. Bu il isə valyuta ehtiyatları 67 milyard ABŞ dollarını ötüb və bu da təxminən 41 dəfə artım deməkdir və s. 

Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər güclü olmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində ərazi bütövlyümüz  təmin edildi.

Hazırda Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda bayrağımız əzəmətlə dalğalanır. 2022-ci il 16 noyabr tarixli Sərəncam ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən abadlıq-quruculuq işləri aparılır, otuz il yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkün soydaşlarımız bu  sevinc və fərəhlə dədə-baba yurdlarına qayıdırlar. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu möhtəşəm nailiyyətlər Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır.

 “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən dövlət başçımız vətəndaşların hər bir qayğısına qalıb və bununla da hər bir azərbaycanlının Prezidenti olmağı bacardığını dəfələrlə sübut edib.

Prezident İlham Əliyev hakimiyyətdə olduğu son 20 ildə xalqa verdiyi hər bir vədini şərəflə yerinə yetirib. Qələbələr partiyası olan YAP İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin növbəti dəfə irəli sürülməsi sosial sifariş, siyasi zərurət idi.

Əminik ki, fevralın 7-də səsvermə hüququ olan hər bir Azərbaycan vətəndaşı seçki məntəqələrinə gələrək iradəsini sərbəst şəkildə ifadə edəcək.

Hacı Zaur Tarverdiyev,

Sahibkar, İş adamı