Növbədənkənar Prezident seçkilərinin keçirilməsinin zərurəti

Qloballaşan və sürətlə dəyişən dünyada əsl liderlər çevik, konstruktiv, milli maraqlara və dövlətçiliyə xidmət edən addımlar atmalıdırlar. Bu zaman milli maraqlarla beynəlxalq hüququn uyğunluğunu gözləmək də mühüm şərtdir. Çünki milli maraqların daimi reallaşması üçün dövlət səviyyəsində onun hüquqi prinsiplərə uyğun olmasını təmin etmək vacibdir. Prezident cənab İlham Əliyev dövlət başçısı kimi bütün fəaliyyəti dövründə bu aspektlərdə yüksək zəka və məharət sahibi olduğunu sübut etmişdir. 44 günlük Zəfər savaşından sonra başlamış postmüharibə mərhələsində də siyasi situasiyaya tam hakim olduğunu nümayiş etdirməkdədir. Onların sırasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən sərəncam həm taktiki, həm də strateji baxımdan böyük əhəmiyyətə malikdir. Eyni zamanda, bu məsələnin geosiyasi, siyasi, hüquqi və dövlətçiliyin təkamülü aspektində kompleks olaraq vacibliyini anlamaq gərəkdir.

Öncə, növbədənkənar Prezident seçkilərinin keçirilməsi zərurəti ondan ibarətdir ki, Azərbaycan dövlət müstəqilliyini XX əsrin 90-cı illərində bərpa edəndən sonra ölkə ərazisində Prezident seçkiləri keçirmək imkanına malik olmamışdır. Qarabağda erməni separatizmi və ona dəstək verən havadarları bu prosesi pozmuşlar. Bu da müəyyən hüquqi aspektlərdə bəzi bədxahlarımızın narazılığına səbəb olur, siyasi və hüquqi dairələrdə süni etirazlar yaradırdı. 2020-ci ildə 44 günlük Zəfər savaşından və bu ilin sentyabrında antiterror tədbirlərindən sonra Azərbaycan Respublikası dövləti tam olaraq beynəlxalq aləmdə hüquqi olaraq tanınan öz ərazi bütövlüyünü bərpa etdi. Bununla yanaşı, Azərbaycan Respublikası müstəqil dövlət kimi suverenliyini də tam təmin etdi. Bu Qələbə regionda yeni reallıqların yaranmasına səbəb olub.

Müasir müstəqil dövlətin mövcudluğunun geosiyasi, siyasi və hüquqi amillərindən xəbərdar olan hər kəs yaxşı bilir ki, bu, ilk növbədə, ölkənin daxilində, regionda və dünya miqyasında yeni siyasi-hüquqi və geosiyasi durumla bağlıdır. Konkret ifadə etsək, artıq reallıq olan bu durumun dövlətçilik baxımından siyasi və hüquqi təsbiti zərurətə çevrilmişdir. Bir sözlə, növbədənkənar Prezident seçkiləri bu təsbitə aparan real hüquqi prosesdir.

Bütün bunlara rəğmən 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri bu reallıqları təsbit edir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində təşkil olunacaq, işğaldan azad edilmiş torpaqlarımızda ilk seçki olacaq.

Xüsusilə də qeyd etmək istəyirəm ki, növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi bütün vədləri tam yerinə yetirib. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışıb. Ümummilli Liderimiz Heydər Əliyevin ən böyük arzusu həyata keçirilib və Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub. Bu gün Azərbaycanın üçrəngli Bayrağı artıq Qarabağda dalğalanır.

Ulu Öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Prezident cənab İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanıb. Onun rəhbərliyi ilə 20 il əvvəl həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.

 

Fuad Hüseynzadə, jurnalist