“Növbəti görüşlərə qədər Ermənistan sülhlə bağlı praktik addımlar atmalıdır”

Brüssel görüşündə tərəflərin yenidən bir araya gəlməsimnə dair razılığı müsbət haldır. Belə ki, növbəti görüşlərin payızda Brüsseldə, həmçinin Avropa Siyasi Birliyi sammiti çərçivəsində Qranadada keçirilməsi gözlənilir. Amma bu görüşlərə qədər Ermənistan sülh istiqamətində praktik addımlar atmalıdır. İrəvan Fransa Prezidentinin destruktiv bəyanatlarından ilhamlanıb sülhü pozmamalıdır. Çünki bütün platformalarda dayanıqlı sülhün tımin olunmasına dair addımların atılması əsas prioritet kimi qəbul olunur. Bu dəfəki Brüssel görüşündə də bir daha aydın oldu ki, Azərbaycanın sülh danışıqları ilə bağlı aydın və məntiqli addımları beynəlxalq hüquqa əsaslanır. Ümumilikdə dialoqun intensivliyi də göstərir ki, danışıqlar prosesində müsbətə doğru hərəkət var. Belə ki, Ermənistan Qarabağ və anklav kəndlər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır, ölkəmizin sərhədlərini qəbul edir. Dövlət başçımızın da bəyan etdiyi kimi, Təbii ki, Ermənistan bu nöqtəyə öz xoşu ilə gəlməyib. Azərbaycanın ardıcıl, prinsipial siyasi xətti, təzyiqləri Ermənistanı buna məcbur edib. 6-cı Brüssel görüşündə də Ermənistan növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.

Humanitar məsələlərə gəlincə, tərəflər bir neçə vacib detalları diqqətdə saxlayıblar. Qarabağın erməni əhalisinin vəziyyəti ilə bağlı məsələ də müzakirə olunub. Lakin burada Ermənistanın iddia etdiyi kimi hər hansı blokada iddiası səslənməyib. Sadəcə, mövcud vəziyyətin tərəflərin marağına uyğun gəlmədiyi qeyd olunub. Situasiyanın dayanıqlı olmamasının əsas səbəbkarı təbii ki, Azərbaycan yox, Ermənistanın destruktiv davranışlarıdır. Çoxsaylı təxribatlar, qanunsuz silah daşınmaları qeyri-stabil vəziyyətin yaranmasına səbəb oldu. Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsi quraşdırması əslində gərginliyin qarşısını aldı. Çünki erməni təxribatları bölgədə yeni eskalasiya riskini daha da artırırdı. Bu səbəbdən beynəlxalq platformalarda Azərbaycanın yanaşması təqdir olunur, dəstəklənir.

Brüssel görüşündə həmçinin kommunikasiyaların açılmasına dair də müzakirə davam edib. Son iki ayda əldə olunan irəliləyişlər Brüssel tərəfindən də təqdir olunur. Hətta Avropa İttifaqı dəmir yol xəttinin tikintisinə dərhal başalmaq üçün maliyyə töhfəsi verməyə də hazırdır. Bu isə o deməkdir ki, Ermənistanın kommunikasiyaların açılması ilə bağlı manipulyasiya etmək imkanı tükənib.

Brüsseldə həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsinin gündəmə gəlməsi də olduqca vacibdir. Bu, Ermənistana növbəti dəfə humanitar məsələlərlə bağlı öhdəliklərini xatırladır.

Könül Nurullayeva 

Milli Məclisin deputatı