Novruzəli Aslanov: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə gənc nəslin inkişafına diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi”

 

“Bu il Azərbaycan qalib ölkə olaraq öz şanlı tarixinin dörd il bundan öncə qədəm qoyduğu ən şərəfli dövrünü yaşayır. Xalqımız Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və parlaq Zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq 30 il davam edən işğala son qoydu. Keçən il isə, həmin tarixi Qələbənin davamı olaraq əvvəlcə ölkənin ərazi bütövlüyü bərpa olundu və daha sonra Azərbaycan bütün ərazisində tam suverenliyini təmin etdi. Birmənalı olaraq demək lazımdır ki, bütün bu böyük Zəfərlərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynayıb. Bu gün Azərbaycanda yüksək vətənpərvər ruhlu gəncliyin formalaşmasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti aparıcı rol oynayır. Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı gənc nəslin milli-vətənpərvər ruhda formalaşması, gənclər arasında sağlam həyat tərzinin təbliği və ümumiyyətlə gəncliyin inkişafı ilə bağlı bütün məsələlərə diqqətin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsini təmin etdi.”

Bu fikirləri 2 fefral Gənclər günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Daha sonra deputat Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Gənclər siyasətindən bəhs edərək bunları deyib: “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider Heydər Əliyev gənclərimizin qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bundan sonra təşkil olunan Forumlarda mütəmadi olaraq çıxış edən Ulu Öndərimizin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdu. Məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Əlbəttə ki, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Ümummilli Lider vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.” Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Gənclər siyasəti sayəsində Azərbaycan gəncliyi hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və ölkəmizin gələcəyi naminə inamlı addımlar atmaqdadır.”

Həmçinin N.Aslanov qeyd edib ki, bu gün ölkəmizdə gənclərin bütün sahələrdə getdikcə daha çox aparıcı mövqelərə sahib olmaları da Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu strategiyasının təzahürüdür: “Hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti Azərbaycanda həyata keçirilən və bütün digər sahələri də əhatə edən ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatının bütün sahələrində nümayiş etdirdiyi aktiv fəaliyyəti də birbaşa dövlət Gənclər siyasətinin effektivliyinin göstəricisidir. Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərin potensialının reallaşmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn əhatəli və irimiqyaslı tədbirləri dövlətimizin gələcəyə dəqiq hesablanmış siyasətinin bariz təzahürüdür. Bu siyasət gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim ki, bu gün Azərbaycan gəncliyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) fəaliyyətinə də böyük töhfələr verməkdədir. Hazırda AzQAC öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir ki, bu könüllülərin də böyük bir hissəsi məhz gənclərdir. Təşkilatımız Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Beynəlxalq Hərəkatın 7 fundamental prinsipini, xüsusilə “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” prinsiplərini rəhbər tutaraq, həm sülh dövründə, həm hərbi münaqişələr şəraitində, eyni zamanda fövqəladə hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, insanlar arasında fərq qoymadan müharibə qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər ehtiyaclı insanlara zəruri humanitar yardımlar göstərir ki, bu yardımların da çatdırılmasını əsasən məhz gənc könüllülər həyata keçirir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan gəncliyi onlara göstərilən dövlət qayğısını yüksək dəyərləndirir və ölkəmizin daha parlaq gələcəyinin də birbaşa Azərbaycanda Heydər Əliyev siyasi kursunun davam etməsi ilə bağlı olduğunu hər kəsdən daha yaxşı bilir. Əminliklə demək olar ki, bu il fevral ayının 7-də keçiriləcək seçkilərdə də Azərbaycan gəncliyi hər zaman olduğu kimi öz Prezidentinin yanında olacaq və öz səsini xalqın alternativsiz lideri olan İlham Əliyev cənablarına verəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.