“1993-cü ilin avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı rayonu 27 il ərzində tamamilə viran qoyulmuşdu. 94 yaşayış məntəqəsi, minlərlə ev və ictimai bina, məktəblər, körpülər, mədəniyyət ocaqları və məscidlər tamamilə dağıdılmış, torpaqlar yandırılmış, meşələr məhv edilmişdi. Qubadlının dinc sakinləri məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində sığınacaq tapmışdılar. Buna baxmayaraq, Qubadlı sakinləri bir gün doğma torpaqlarına qayıdacaqlarına, üçrəngli bayrağın yenidən şəhərlərinin üzərində dalğalanacağına əmin idilər. Bu əminlik 2020-ci ilin Vətən müharibəsində öz təsdiqini tapdı. Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və xalqın birliyi nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. Bu qələbə həm hərbi, həm də mənəvi baxımdan müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri oldu. Lakin Qubadlının azadlığı yalnız müharibənin sonu deyil, həm də yeni həyatın başlanğıcı idi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra millət vəkili fikirlərini davam etdirərək bildirib ki, Qubadlı bu gün həm iqtisadi, həm də mənəvi baxımdan yenidən doğulur: “Azad olunduqdan dərhal sonra cənab Prezident İlham Əliyevin göstərişi ilə digər ərazilərimizdə olduğu kimi, Qubadlının da bərpası istiqamətində ardıcıl və məqsədyönlü işlərə start verildi. Azad edilmiş ərazilərdə infrastrukturun bərpası dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Bu gün Qubadlıda yeni yollar, elektrik xətləri, su və qaz infrastruktur sistemləri yaradılır. Hazırda reallaşdırılan layihələr 2050-ci ilə qədərki inkişaf perspektivini təmin edir. Sovet dövründə rayonun enerji istehlakı 12 meqavat olduğu halda, indi qurulan yarımstansiya 40 meqavat gücə malikdir və ehtiyac yarandıqda iki dəfə artırıla bilər. Bundan başqa, Qubadlının iqtisadi canlanması üçün mühüm əhəmiyyətə malik infrastruktur layihələri həyata keçirilir. Bu gün Qubadlı təkcə bərpa olunan bir şəhər deyil, həm də dövlətin gücünü, xalqın iradəsini və milli dirçəliş ideyasını təcəssüm etdirən simvoldur. Qubadlının yenidən qurulması, işğalın izlərinin silinməsi və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycan dövlətinin sosial ədalət və milli həmrəylik prinsiplərinin bariz göstəricisidir. 25 oktyabr – Qubadlı şəhəri günü bu böyük qayıdışın, azadlığın və yenidən doğuluşun təntənəsidir. Bu gün Qubadlıda ucaldılan hər bina, çəkilən hər yol, bərpa olunan hər kənd Azərbaycan xalqının əzmini, gücünü və öz torpağına olan məhəbbətini simvolizə edir” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.