Ölkə başçısının Tacikistana səfəri  iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfədir

Son illərdə türkdilli ölkələrin arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatması Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləridir. Ölkə başçısının  Özbəkistana, Türkmənistana, Qırğızıstana, Qazaxıstana  səfərləri Orta Asiyada yaşayan türkdilli xalqların bir-biri ilə daha da yaxınlaşmasına və eləcə də  türk dünyasına inteqrasiyasını gücləndirir.

Azərbaycan və Tacikistan  arasındakı əlaqələr bizim milli köklərimizə, mənəvi dəyərlərimizə, dinimizə, dilimizə, mədəniyyətimizə bağlı tarixi münasibətlərdir. Bu əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider  hər zaman  türk dövlətləri ilə əlaqələrə xüsusi önəm vermiş və bu əlaqələrin  sıx əməkdaşlıq  çərçivəsində inkişaf etməsi üçün var qüvvəsi ilə çalışırdı.  Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla  mətbuata birgə  bəyanatlarla çıxış edərkən  xüsusi ilə qeyd etmişdir: “Atam Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan Prezidentinə təşəkkürümü bildirmək istərdim. O, Emoməli Şərifoviç Rəhmon ilə birlikdə ölkələrimiz arasında dövlətlərarası münasibətlərin formalaşmasının təşəbbüskarı olub və mahiyyət etibarilə onlar bu münasibətlərin əsasını qoyublar”.

Eyni zamanda, ölkə başçımız daha bir mühüm məsələyə toxundur, hər dövlətinin inkişafı üçün  vacib amilləri  nəzərə çatdırmaqla, yanaşı bu gün dünyada  baş verən hadisələrin həlli , inkişaf üçün, təhlükəsizlik üçün önəmli məsələlərə toxundu. Prezident İlham Əliyev XX əsrin 90-cı illərində  yaranmış çətinlikləri, yaşanan ağır faciələri diqqətə çatdırdı: “ Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı”. Bəyanat zamanı həm Tacikistanın, həm də Azərbaycanın ortaq mədəni dəyərləri bir daha ölkə başçıları tərəfindən səsləndirildi. Bu  çox önəmli məsələdir.  Hər iki prezident türk dünyasının dahi şairi Nizami Gəncəvi haqqında  fikir bildirilərkən, onun məhz Azərbaycanlı olması, Türk dünyasına məxsus olması qeyd olundu. Bu Nizami Gəncəvini  fars şairi  adlandıranlara  layiqli cavab idi.

Qeyd etmək lazımdır ki, səfər zamanı Azərbaycan və Tacikistan arasında imzalanmış ikitərəfli sənədlər əlaqələrin daha da  möhkəmləndirilməsi istiqamətində hüquqi bazanın gücləndirilməsi baxımından  xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçılarının verdikləri bəyanatlarda da qeyd olunduğu kimi, aparılan danışıqların gedişində ikitərəfli münasibətlərin vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı nəzərdən keçirilərək, aktual məsələlərə dair fikir mübadiləsi aparılmışdır.  Müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, ölkələrimiz arasında ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələrin, o cümlədən  əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılıq əldə olunmuşdur.  Danışıqlar çərçivəsində investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri də müzakirə edilərək,  gələcək addımlar  nəzərdən keçirilmişdir.   Xüsusi olaraq qeyd etmək lazımdır ki, aprelin 5-də dövlət başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan və Tacikistan arasında imzalanmış ikitərəfli sənədlər əlaqələrimizi daha da gücləndirəcək  və   ölkələrimiz arasında mövcud münasibətləri tamamilə yeni bir mərhələyə çıxaracaqdır. Xüsusi ilə vurğulamaq lazımdır ki, imzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” xüsusi yer tutur. Bu, ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələrin inkişaf etməsi və dərinləşməsinə xidmət edən    mühüm sənəddir. 

 Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
 professor Hicran Hüseynova