Xankəndi vətəndaş cəmiyyətinin nümayəndələrini qonaq etdi

İşğaldan təmizlənən Azərbaycan şəhərləri bir sıra yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edir.  Azərbaycanın Xankəndi şəhərindəki Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. Tədbirdə 300-ə yaxın QHT iştirak edib.

Forumda “Türkman irsi: tarixi köklərə sədaqət”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası”, “Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər” mövzularında panel müzakirələri aparılıb. 

Bu unudulmaz bir tədbir idi. Bir zamanlar işğalçıların və onların havadarlarının oylaq yer olmuş Xankəndi indi Azərbaycanın ictimai, mədəni, iqtisadi, turizm həyatına dair toplantılara ev sahibliyi edir. Bu, qürurvericidir. Forumun Xankəndidə keçirilməsini böyük anlamı var. Xankəndi bu tədbirlərlə bir daha sübut edir ki, Xanın kəndidir. 

Azərbaycanın hər bölgəsi gözəldir. Xankəndi həm də işğaldan, pis niyyətlərdən təmizləndiyi, azad edildiyinə görə, sanki daha gözəl, daha cəlbedicidir. Onun mahiyyəti, dəyəri də bu baxımdan artıb. Bu şəhərin azadlığı uğrunda Azərbaycan mübarizə aparıb. QHT nümayəndəsi olaraq burada keçirilən tədbirdə iştirak etməkdən şərəf və qürur duydum. Bir daha bu torpaqları azad edib, Azərbaycana qaytaranlar yada düşdü. SSRİ dövründə bu şəhəri Azərbaycan çox görmüşdülər. Onun əsil sahiblərindən, azərbaycanlılardan icazəsiz orada qondarma qurum yaratmışdılar. Elə bu saxtakarlıq 70 ilə yaxın davam etdi. Bu qondarma qurum de-yure ləğv olunsa da, onun faktiki məhvi 2020-ci ilədək uzandı. İndi Xankəndi də Azərbaycanın başqa torpaqları kimi azaddır. O, ictimai, siyasi proseslərin fəal iştirakçısına çevrilib. 

Forum da bu hadisələrdən biri idi. Belə bir tarixin iştirakçısı olmaq sevindiricidir.  

Bu günümüzə şükür. Yaşasın bütöv Azərbaycan!

İradə Polad

Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi İB sədri