Ölkəmizdə Azərbaycan gəncliyinə xüsusi diqqət göstərilir

Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarının, potensialının səmərəli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev ilk dəfə1969-cu ildə hakimiyyətə gəldikdən sonra gəncləri tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərirdi. Bu da təsadüfi deyildi. Müdrik şəxsiyyət gəncliyi böyük qüvvə hesab edirdi və deyirdi ki, gənclər bizim gələcəyimizdir. Ona görə də gənclərimizin inkişaf etmiş dövlətlərdə təhsil almaları üçün bütün imkanlardan istifadə edirdi. Eləcə də Ulu Öndərimizin təşəbbüsü ilə müstəqilliyin bərpasından sonra da ölkəmizdə gənclər və idman sahəsinə xüsusi diqqət göstərildi. Belə ki, digər dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı.

Digər bir faktı qeyd etmək lazımdır ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclərin və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyətini asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk Forumunun keçirilməsi qərara alındı. Bunun ardınca, 1997-ci il fevralın 1-də ilk Forumun ildönümü ərəfəsində gəncləri bir araya yığan Ümummilli Lider fevralın 2-ni ölkəmizdə Gənclər Günü elan etdi.Bu isə Azərbaycan gəncliyinə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir. Bu gün Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən hərtərəfli şəkildə ən yüksək səviyyədə davam etdirilir. Aparılan bu müdrik siyasət gənclər və idman sahəsini də əhatə edir. Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilmiş və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənmişdir. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir.

Məhz 44 günlük Vətən müharibəsində də Ali Baş Komandanımızın peşəkar rəhbərliyi altında yenilməz Azərbaycan Ordusunda xidmət edən hərbçilərin mütləq əksəriyyəti gənclər idi. Parlaq Qələbəmizlə bitən Vətən müharibəsində cəsur gənclərimiz əsl qəhrəmanlıq tarixi yazmışdır ki, bu da məhz aparılan düzgün dövlət siyasəti nəticəsində Azərbaycan gənclərinin milli, vətənpərvər ruhda yetişməsinin,onların cəmiyyətimizin layiqli vətəndaşları kimi düzgün tərbiyə olunmasının, təhsil müəssisələrində aparılan düzgün tədrisin göstəricisidir.

Bəli, bu gün ölkəmizdə Azərbaycan gəncliyinə xüsusi diqqət göstərilir. Onlardan daha çox ehtiyacı olanlar dövlətimizin qayğısı ilə əhatə edilir.  Bir sözlə dövlətimizin başçısı İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir, Azərbaycan gəncləri idman, təhsil və digər  bir çox sahələrdə  yeni-yeni nailiyyətlər qazanır.

Rafiq Əliyev,

YAP Yevlax rayon təşkilatının sədri