Ordubad rayonunun Ermənistanla sərhədində yerləşən Salam-Məlik stansiyası ərazisində dəmir yolunun yenidən qurulmasına başlanılması Naxçıvanın nəqliyyat sistemində yeni mərhələnin əsasını qoyur. Uzun illər fəaliyyətsiz qalan bu xəttin bərpası həm tarixi əhəmiyyət daşıyır, həm də regionun iqtisadi gələcəyinə ciddi töhfə verəcək.
Layihə çərçivəsində 188 km-lik dəmir yolu xəttinin müasir standartlarla yenilənməsi nəzərdə tutulur. İşlər tamamlandıqdan sonra xəttin illik 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacağı bildirilib. Bu, Naxçıvanın sənaye və kənd təsərrüfatı məhsullarının daha əlverişli logistika imkanları ilə daşınmasına, regionun ixrac potensialının genişlənməsinə və yeni iqtisadi fəaliyyət sahələrinin formalaşmasına şərait yaradacaq.
Dəmir yolunun bərpası həmçinin Azərbaycanın həyata keçirdiyi böyük regional nəqliyyat strategiyasının mühüm hissəsidir. Xətt Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin Avropa, Türkiyə və Mərkəzi Asiya ilə birbaşa nəqliyyat əlaqələrini gücləndirəcək, Naxçıvanın uzun illər davam edən kommunikasiya məhdudiyyətlərini aradan qaldıracaq.
Üzeyir MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı