"Özünü dindar sayan bir ölkə bizə dəstək olmaqdansa, hərbi təyyarələrlə sərhədimizi pozdu" - Deputat

Son günlər İranın ölkəmizə qarşı təxribatları artmaqdadır. Bir neçə gün bundan əvvəl Gəncənin İran şəhəri, Nizaminin fars şairi olması ilə bağlı İran rəsmilərinin açıqlamaları, Azərbaycan İran sərhədində İran təyyarəsinin uçması bu fikri bir daha təsdiq edir.

Bəs, İran Azərbaycandan nə istəyir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirdi ki, İran Azərbaycana bəzi məsələlərdə təsir göstərmək istəyir:

"İran bölgədə siyasətin, sabitliyin, iqtisadiyyatın güclənməsinə maneçilik törətməyə çalışır və bu məsələlərlə bağlı bir neçə dəfə sayt və televiziyalara danışmışıq. Bizim bəxtimizdən ətraf ölkələrin bir neçəsi - həm İran, həm də Ermənistan üçün nə yaxşı şey varsa, özününküləşdirmək istəyirlər. Ermənistanda da bu xasiyyət var ki, məzhəbi Azərbaycana məxsus olan, bizim ata-babadan qalmış və tarixi min illərə dayanan Azərbaycan mədəniyyətini özlərinə çıxardırlar. Əvvəla Nizami dünyəvi şairdir, Azərbaycan şairidir. Bizim alimlərimiz bir neçə gün bundan qabaq bu sahədə geniş şəkildə ümumi izahat verdilər. Nizami farsca yazan Azərbaycan şairidir, fars şairi deyil. Nizami ona görə farsca yazıb ki, orta əsrlərdə Aralıq dənizindən ta Hindistanacan bütün regionun şeir dili fars dili idi. Yəni, fars dili məhz şeirə daha yatımlı gəldiyinə görə, farsca yazmaq bir növ ənənə idi. Təkcə Nizami deyil, digər dahilər, onlarca, yüzlərcə digər şairlər də öz əsərlərini farsca qələmə alırdı. Ancaq onların hər biri Azərbaycan şairləri olub" - deyə o, qeyd etdi.

Cavanşir Paşazadə bildirdi ki, İran Azərbaycandan heç nə istəyə bilməz:

"Çünki Azərbaycan müstəqil siyasətini həyata keçirən bir qüvvəli, güclü dövlətdir. İranın Azərbaycanın sərhədlərində keçirdiyi manevrlər, hərbi sahədə və digər sahələrdə gördüyü işlər təbii ki, 90-cı illərdə də etdiyinin təkrarlarıdır. Yadımızdadır ki, qonşu və özünü dindar sayan bir ölkə bizə dəstək olmaqdansa, hərbi təyyarələrlə bizim səmamızı pozdu. Təbii ki, hələ o dönəmdə qardaş ölkənin - Türkiyənin qırıcı təyyarələri onların qarşısına çıxdı və Azərbaycanın tək olmadığını sübut elədi. Ona görə biz hər zaman qardaş ölkəmizə - Türkiyə öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Azərbaycan dövləti, cənab Prezident qardaş ölkə ilə birgə olaraq türk ölkələrində, Xəzər dənizi ətrafındakı bölgələrimizdə sülhün bərqərar olmasına, iqtisadiyyatımızın güclənməsi və bizim xalqımızın əhval-ruhiyyəsinin daha da güclənməsinə, həm hərbi sənayedə, həm iqtisadiyyatda, həm də digər sahələrdə güclü olmasına nail olmağa çalışır. Və təbii ki, İran bəzi maneçiliklər törədib. O törətmələr də mən elə bilirəm müvəqqəti bir şeydir, onlar da bunu gec-tez olsa başa düşərlər. Və Azərbaycan haqq yolundadır, çünki Azərbaycan 30 il müddətinə öz haqlılığını, öz doğruluğunu göstərmək istədi. Dünya bunu qəbul eləmək istəmədi. Halbuki hal-hazırda artıq dünyanın əksər ölkələri doğrudan da Azərbaycanın haqlı olduğunu bildirdilər. Ona görə Azərbaycanın dostu düşməndən çoxdur. Biz çalışırıq ki, bölgədə sülh olsun".