Prezidentin tarixi çıxışından ötən üç il – Dinamik, demokratik və məsuliyyətli Milli Məclis

Prezident İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışından 3 il vaxt keçir. Cənab Prezident tarixi çıxışında çox aydın mesajlar verdi, yeni inkişaf strategiyasının konturlarını açıqladı. Öncə bildirim ki, 2020-ci ildə növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Bu gün əminliklə deyə bilərik ki, VI çağırış Milli Məclis daha dinamik şəkildə fəaliyyət göstərir.

Xüsusilə də, postmüharibə dönəmində Milli Məclis deputatları Ermənistanın törətdiyi təxribatlar, mülki əhalimizi hücuma məruz qoyması, həqiqətlərimizin dünyaya çatdırılması ilə əlaqədar intensiv iş aparırlar. Şişirtmədən deyə bilərik ki, müasir Milli Məclis faktiki olaraq cəmiyyətdəki yeni siyasi konfiqurasiyanı özündə tam əkst etdirir.

Parlament rəhbərliyinin iqtidarla yanaşı, müxalifət və bitərəf millət vəkillərindən formalaşması siyasi plüralizmin bariz nümunəsidir. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, hakimiyyət tərəfindən atılan addımlar nəticəsində siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müsbət mənzərənin yaranması ilə nəticələndi. Yeni dialoq modeli, müxtəlif fikirlərin müzakirələr vasitəsilə həll edilməsi istiqamətində müəyyən edilmiş tendensiya cəmiyyət üçün ictimai faydalı olmağımızla şərtləndirilir. Vətən müharibəsi zamanı siyasi partiyaların birgə bəyanatı və Ali Baş Komandanın ətrafındakı sıx birliyi siyasi dialoqun Azərbaycan modelinin nə qədər uğurlu olmasının əyani göstəricisidir.

Bu gün qürurla deyə bilərik ki, ölkəmiz dünya miqyasında müstəqil şəkildə öz daxili, xarici siyasətini aparan, heç kəsin qarşısında hesabat verməyən nadir ölkələrdəndir. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulur. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Heç kəsdə şübhə doğurmur ki, həm mərkəzi, həm də yerli icra orqanlarında bundan sonra da təmizləmə işləri aparılacaqdır.

Bu gün deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.

Heç kəsə sirr deyil ki, ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Biz xalqımızın seçdiyi deputatlar olaraq onların təxribatçı niyyətlərini ifşa etməliyik. Biz onu da görürük ki, Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər. Amma bizdə sərbəst toplaşmaq azadlığı təmin edilir. Hətta icazəsiz keçirilən aksiyalar dağıdılarkən polis yumuşaq gücdən istifadə edir. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Təhlükəsizlik və sabitlik dayanıqlı inkişafının zəmanətidir. Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir.

İltizam Yusifov

Milli Məclisin deputatı