"Qadın və uşaq hüquqlarının qorunması ilə bağlı təkliflər hazırlamışıq"

“Statistika göstərir ki, qanunun işlək olduğu Avropa ölkələrində belə, qadın hüquqları pozulur və belə hallar Şərq ölkələrinə nisbətdə daha çoxdur”.

Bu sözləri Cebhe.info-ya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova son aylarda Azərbaycanda ardıcıl olaraq davam edən qadın qətllərindən, xüsusən də 3 avqust 2021-ci il tarixində Sevinc Məhərrəmovanın amansızlıqla əri tərəfindən qətlə yetirilməsindən danışarkən deyib. Komitə sədri bildirib ki, bu gün həqiqətən də ailə-məişət zəminində, gender əsaslı zorakılıqlar hamını narahat edən məsələlərdəndir:

“Hazırda hər 100 min qadına nisbətdə ailə münaqişəsi və məişət zorakılığı cinayətlərinə məruz qalmış qadınların sayı 17 nəfər təşkil edir. Bu rəqəm digər ölkələrlə, xüsusilə, inkişaf etmiş ölkələrlə, eyni zamanda, İstanbul Konvensiyasını qəbul edən ölkələrlə müqayisədə çox aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada təxminən hər üç qadından biri (% 30) həyatı boyunca yaxın partnyoru və ya başqa bir şəxs tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır”.

Milli Məclisin üzvü bildirib ki, Avropa Birliyinin Statistika İdarəsinin (Eurostat) 2017-ci il məlumatlarına görə, Fransa qadınların qətlə yetirilməsi üzrə AB-də liderdir:

“2017-ci ildə Fransada 601, Almaniyada 380, İngiltərədə 227, İtaliyada 130, İspaniyada 113 qadın öldürülüb. Aparılan bir sıra təhlillərin nəticələrinə əsasən, kişilər tərəfindən zorakılığın istənilən formasının törədilməsini ardıcıl qaydada bir neçə amillə əlaqələndirmək olar: öz analarına qarşı zorakılığın şahidi olma və uşaqlıqda fiziki zorakılığa məruz qalma halları ilə rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən törədilən zorakılıq arasında bağlılıq müşahidə olunur və bu nəticə dünyanın müxtəlif yerlərində zorakılığın nəsillərarası zərərli təsiri ilə bağlı aparılmış tədqiqatların nəticələri ilə üst-üstə düşür.

Gender bərabərliyini daha az dəstəkləyən və xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin (məsələn, “Qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir” və “Bəzi hallarda qadın döyülməyə layiqdir”) tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir. Qeydə alınmış məişət zorakılığı halları əsasən fiziki zorakılıqla bağlı olur. Lakin sosioloji araşdırmalar göstərir ki, məişət zorakılığının ən geniş yayılmış forması psixoloji və iqtisadi xarakterli zorakılıqdır”.

Deputatın fikrincə, təcrübəyə əsasən, məişət zorakılığının səciyyəvi xüsusiyyətlərindən biri latentliyin, yəni gizli formada baş vermə hallarının yüksək olmasıdır:

“Ailədə baş verən zorakılıq haqqında vəziyyətin ən son həddində polis orqanlarına məlumat verilir. Bir çox hallarda isə bu haqda uzun müddət informasiya verilmədiyindən, zorakılığın ağır nəticələri ilə müşahidə olunan cinayətlər baş verir. Bu isə öz növbəsində ailə-məişət zorakılığının qurbanlarının sayına təsir edir. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Deməli, biz daha çox insanların beynində kök salmış stereotipləri aradan qaldırmalı, bu sahədə işləri daha da gücləndirməliyik”.

Deputat Azərbaycanda məişət zorakılığının qarşısının alınması, zorakılığa məruz qalanlarla, zorakılığı törədənlərlə iş aparıldığını, zorakılığa məruz qalan insanlara xidmətlər göstərildiyini deyib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən akkreditasiyadan keçən qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bütün yerli icra hakimiyyəti orqanlarında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə monitorinq qrupları yaradılıb. Onların fəaliyyətinin və iş keyfiyyətinin təkmilləşdirilməsi, bir- biri ilə əlaqəli şəkildə daha sıx əməkdaşlıq etməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən davamlı seminarlar təşkil olunur. Əsas məsələ hadisə baş verdikdən sonra deyil, hadisəyə qədər mütəmadi qabaqlayıcı və profilaktik tədbirlərin daha gücləndirilməsidir. Hazırda yeni xidmət “Qaynar xətt” yaradılıb”.

Deputat həmçinin bildirib ki, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbulundan 10 ildən çox müddət keçir. Hazırda qanunun tətbiqində bəzi çətinlikləri müşahidə edilir. Hicran Hüseynova bu səbəbə görə qanunun təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd edib:

“2020-ci ilin noyabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planı təsdiqlənib. Bu Planın icrasının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin Sərəncamı da var. Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bizim bu istiqamətdə bir sıra nəticələr əldə etməyimizə müsbət təsir göstərəcək. Xüsusilə də, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, xidmətlərə çıxışın əlçatan olması sahəsində mühüm işlər görülməlidir.

Məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılması da qarşıda dayanan məsələlərdəndir. Bunun üçün həm yerli qanunvericiliyin təhlili aparılmalı, müsbət beynəlxalq təcrübə öyrənilməlidir. Qeyd etdiyim kimi, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planı”nındın irəli gələrək Milli Məclisin müvafiq Komitəsi olaraq biz də bu sahədə öz töhfəmizi verməyə çalışırıq. Komitəmiz tərəfindən keçirilən dinləmələr zamanı bu mövzularda müzakirələr aparılıb. Millət vəkilləri tərəfindən müəyyən fikirlər səsləndirilib. Ailə, qadın və uşaq məsələləri komitəsi davamlı olaraq aktual mövzularla bağlı dinləmələr və konfranslar keçirir, mövcud qanunvericilik bazasının daha da təkmilləşdirilməsi və gücləndirilməsi sahəsində təhlillər aparır, təkliflər hazırlayır.

Qəbul olunmuş qanunların tətbiqindəki boşluqları müəyyən edir və müvafiq olaraq əlavə və dəyişikliklər paketi hazırlayır. Qısa müddət ərzində biz “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər”(Pandemiya və post-müharibə dövrü), “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” “Gender (kişi və qadınların) bərabərliyinin təminatları” haqqında Qanunun icra vəziyyəti: imkan və çətinliklər, “Azərbaycan Ailə Strategiyasının formalaşması hüquq müstəvisində” mövzularında dinləmələr keçirmişik. Xüsusilə pandemiya dövründə ailə məsələləri, qadın və uşaq hüquqlarının qorunması ilə bağlı bir çox tədbirlər keçirib, təkliflər hazırlamışıq”.