Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi Azərbaycanın iqtisadi gücünün təqdimatıdır

“Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri Böyük Qayıdışın daha da sürətlənməsini şərtləndirən addımlarla zəngindir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfəri, səfər çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibi ümumilikdə işğaldan azad edilmiş ərazilərdə görülən işlər barədə aydın təsəvvür yaradır. Bu səfər Azərbaycanın iqtisadi və siyasi gücünün bir daha təqdimatı oldu. Təbii ki, görülən işlərin miqyası Azərbaycanın hansı iqtisadi və maliyyə imkanlarına malik olduğunu nümayiş etdirir. Nəzərə alsaq ki, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu səfəri Laçın Şəhəri Gününə təsadüf etmişdir, keçilən yolun təhlili fonunda bu ərazilərin qısa zamanda necə dirçəldiyini aydın şəkildə görmək mümkündür. Laçın şəhərinin işğaldan azad edilməsindən bir il ötdü. 2022-ci il avqustun 26-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza bu müjdəni çatdırdı: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” 30 ilə yaxın işğal altında qalan Laçın hazırda dirçəliş dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin “Laçın Şəhəri Günü” bayram tədbirində qeyd etdiyi kimi, bu gün artıq dirçələn Laçın, Qarabağ, Şərqi Zəngəzur gücümüzü və istədiyimizə hər zaman nail olduğumuzu göstərir.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov bir daha diqqəti Laçın və Şuşanın işğalına yönəldərək bildirib ki, bununla Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradıldı və sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi oldu: “Müstəqil Azərbaycanın tarixində may ayı faciəli bir ay idi. 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir. Bütün ərazilərimiz tamamilə dağıdıldı, Azərbaycan xalqının izlərinin itirilməsi üçün tarixi və dini abidələrimiz yerlə-yeksan edildi. Ermənilər belə xəyallar qurdular ki, bu torpaqlar onlara məxsusdur, sonadək işğal altında saxlayacaqlar. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, heç vaxt işğalla barışmayacaq, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Torpaqlarımızın azad ediləcəyinə böyük inam var idi. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. Dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Bu gün Şuşada, Laçında toy-bayram edirik. Genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Dövlət başçısı İlham Əliyev cari ilin hədəflərini açıqlayarkən laçınlıların bu il Laçın şəhərinə qayıdacaqlarını bildirmişdir. İlk mərhələnin 28 May-Müstəqillik Günündə reallaşması bir daha sübut etdi ki, qarşıya qoyduğumuz hədəflərə, planlara vaxtından əvvəl nail oluruq. Avqustun 25-də 20 ailə Zabux kəndinə qayıtdı. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış oldular və burada kənd sakinləri ilə görüşdülər.”

Millət vəkili onu da bildirib ki, dövlət başçısı İlham Əliyev bayram tədbirindəki çıxışında 50 illik yubileyini laçınlılarla Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində qeyd edərkən verdiyi vədi xatırlatdı-Dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq. Bu gün laçınlılar bu xoşbəxtliyi yaşayırlar. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, 60 yaşını Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşada qeyd etdi. Avqustun 26-da isə “Laçın Şəhəri Günü” münasibətilə təşkil edilən bayram tədbirində laçınlılarla bir yerdə oldu. Cənab İlham Əliyev hər bir vədini reallıqda təsdiqləyir. Laçın rayonunda görülən işlərin fonunda dirçələn Azərbaycan reallıqlarını görürük. İşğaldan azad edilmiş ərazilərimizdə tikilən 3 Beynəlxalq Hava Limanından birinin Laçın şəhərində olması bu torpağın strateji əhəmiyyətinə işıq salır. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanı 2024-cü ilin sonu 2025-ci ilin əvvəllində istifadəyə veriləcək. Bu torpaqlarımızın malik olduğuqları imkanlardan səmərəli istifadə etmək üçün hər cür şərait yaradılır.

Malik Həsənov bu mühüm məqamı da xüsusi qeyd edib ki, dövlət başçısı İlham Əliyevin bu torpaqlara hər bir səfəri buradan Ermənistana ünvanlanan mesajlarla zəngin olur: “Bu baxımdan Laçından ünvanlanan mesajlarda da Azərbaycanın atdığı hər bir addımında ədalətə və beynəlxalq hüquqa əsaslandığı, eyni zamanda, müstəqil siyasət yürütdüyü bir daha özünün aydın ifadəsini tapdı. Dövlət başçısı İlham Əliyev bildirdi ki, aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Bu mühüm addım beynəlxalq hüquqa əsaslanır. “Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar” söyləyən Prezident İlham Əliyev bəyan etdi ki, heç bir şey bizi yolumuzdan döndərə bilməz.” Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Laçın rayonuna səfəri mühüm məqamları, ölkə Prezidentinin bu məkandan mesajları ilə tarixə yazıldı: “Laçın Şəhəri Günü bir daha Ermənistana və havadarlarına mesaj oldu- Bu torpaqların sahibi bizik, daim burada olacaq, qurub-yaradacağıq. Müzəffər Ali Baş Komandan belə bir mesajı da çatdırdı: “Heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik.”