"Qarşımızda duran başlıca vəzifə..."

"Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur". Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin təşkil etdiyi "Ermənilərin 31 mart milli-ideoloji terroru" adlı tədbirdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, qadın və uşaqların zorakılıq görməsinə, soyqırıma məruz qalmasına bir sıra səbəblər var: "Təcrübə göstərir ki, o ölkələrdəki xaos, qeyri-sabitlik hökm sürür, silahlı münaqişələr baş verir, orada qadın və uşaqlar daha çox və kütləvi şəkildə zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görmüşdür. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmişdir. Bu gün də rəsmi qeydə alınan iki yüz altmış yeddi itkin, doxsan səkkiz isə əsir və girov qadın Ermənistanda və vaxtı ilə Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur. II Qarabağ müharibəsindən sonra işğaldan azad olunan torpaqlarımızda kütləvi şəkildə qadın və uşaqların zəncirlə bağlanaraq işgəncə ilə yandırıldığını sübut edən sümük qalıqları tapılmışdır. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Hamıya məlumdur ki, müharibələrin qurbanı olan insanlar ciddi psixoloji təsirlərə məruz qalırlar. Bu təsirlərin davamı kimi xəstə uşaqlar dünyaya gəlir, ailələrdə gərginlik yaşanır. Azərbaycanın Qarabağ bölgəsi genetik olaraq ən sağlam zonalardan biri hesab olunurdu. Lakin əfsuslar olsun ki, 30 ilə yaxındır ki, bu bölgədə müxtəlif xəstəlik və anaomaliya ilə doğulan uşaqların sayı artmaqdadır. Davamlı olaraq sülh prosesinə maneə yaradan, eyni zamanda, yeni ərazilər işğal etmək istəyində olduğunu açıq şəkildə bəyan edən Ermənistan ötən bu illər ərzində, həmçinin Vətən müharibəsi zamanı mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmuşdur".

H.Hüseynova onu da deyib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu hərbi əməliyyat zamanı bütün beynəlxalq hüquqa, norma və prinsiplərə uyğun davranmışdır: "Heç bir halda mülki əhaliyə ziyan dəyməmişdir. Ermənistan isə döyüş meydanından uzaq məsafədən yerləşən şəhər və rayonlarda mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir. Nəticədə, 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistanın bu cinayətkar hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə, 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Bu gün bizim qarşımızda duran başlıca vəzifə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətin soyqırımı kimi, beynəlxalq hüquqi qiymətini almasına nail olmaqdır. Bu baxımdan Respublikanın 1-ci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, eləcə də fondun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü çox diqqətəlayiqdir. Milli Məclisin rəhbəriliyinin adından müvafiq beynəlxalq təşkilatlara, eyni zamanda, bütün parlamentlərarası dostluq qruplarına, ermənilərin Qarabağda etnik təmizləmə siyasəti haqqında müraciət unvanlamışdır.Lakin biz yenə də ikili standartları görürük. Mən neçə illərdir ki, uşaq və qadın hüquqları ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edirəm, qoşulduğumuz Konvensiyalara uyğun olaraq həm uşaq hüquqları, həm də qadınlara qarşı ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi ilə bağlı ölkə üzrə dövrü hesabatlar vermişik. Hər dəfə də Ermənistanın apardığı işğalçılıq siyasətini qabartmışıq, lakin həmişə olduğu kimi beynəlxalq təşkilatlar susur, sanki eşitmirlər. İşğalçı ilə işğala məruz qalana eyni münasibət göstərirlər. Biz belə hallarla dəfələrlə rastlaşmışıq, lakin yenə də haqq sözümüzü demişik və bu sənədlərdə, protokollarda öz əksini tapıb. Bir neçə gündən sonra ermənilər tərəfindən törədilən “31mart azərbaycanlıların soyqırımı” nın 103 ili qeyd olunacaq. Erməni vandalları azərbaycanlılara qarşı nə qədər amansız və qəddarlıq etsələr də, Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək,“bu ağır faciələr xalqımızı daha da mətinləşdirmiş, müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən Müharibəsində 200 il, o cümlədən, Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər ərazilərimizdə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi.

Bu gün biz öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa edirik. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq, tezliklə bu yerlər həyat qayıdacaq. Lakin xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən mühüm səhifələridir, qan yaddaşımızdır. Həm gələcək nəsil üçün, həm də dünya ictimaiyyəti üçün işğaldan azad olunan torpaqlarımızda, erməni faşizminin, ermənin terrorunun nümunələrini əks etdirən açıq muzeylər, abidələr, Xocalıda soyqırım hadisəsini ifadə edən xüsusi bir memorial abidə-kompleks yaradılmalıdır".