Qərarlar ya icra olunmur, ya da...

Ölkəmiz 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik etməyə başlayıb. Azərbaycanın sədrlik müddəti Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə daha bir il uzadılıb. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü də Azərbaycan  irəli sürmüşdür. Həmin Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün sözügedən məlumat bazasına istinad edib. Ümumiyyətlə, Qoşulmama Hərəkatına sədrlik müddətində Azərbaycan çox mühüm təşəbbüslərlə çıxış edib.

Martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında da Prezident İlham Əliyev Azərbaycanın sədrliyi müddətində Qoşulmama Hərəkatın mühüm təşəbbüslərindən bəhs etdi. Ölkəmizin BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifinin BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandığını diqqətə çatdıran ölkə başçısı bildirdi ki, xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Keçirilmiş xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb və  Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib.

Çıxışında  Prezident İlham Əliyev onu da vurğuladı ki, bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi” pandemiya ilə mübarizədə ciddi maneədir. Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Pandemiyanın ilk dövründə Azərbaycan əksəriyyəti  Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib. Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına da güclü dəstək verir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib və Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. Həmçinin 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyev beynəlxalq  aləmdə baş verən arzuolunmaz tendensiyalara diqqət çəkərək son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasının hazırda köklü dəyişikliklərlə üzləşdiyini və multilateralizmin təhlükə altında olduğunu qeyd etdi. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Ölkə başçısı bildirdi ki, indi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışı ilə Prezident İlham Əliyev müasir dövrün çağırışları fonunda Hərəkat qarşısnda mühüm vəzifələr də müəyyənləşdirdi. Prezident İlham Əliyev vurğuladı ki, tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir. Bu əsasda Fransaya ünvanlanan mesaj xüsusilə diqqətçəkən oldu. Qoşulmama Hərəkatı öz təməl sənədlərinə əsaslanaraq Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırdı. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməli və məsuliyyətini etiraf etməlidir.

Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasının vacibliyinə diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, dünyada uzun illərdir müzakirə olunan mühüm məsələ BMT sistemində aparılan islahatlardır. Hazırda BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir. Bir sözlə, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. Prezident İlham Əliyev öz çıxışında Azərbaycan həqiqətlərinə də diqqət çəkərək ölkəmizin uzun illər Ermənistanın işğalı ilə üzləşdiyini, yüzlərlə şəhər və kəndimizin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını, bütün mədəni, dini abidələrimizin talan və qarət edildiyini bir daha beynəlxaq ictimaiyyətə çatdırdı. Ölkə başçısı onu da vurğuladı ki, Azərbaycan BMT-nin əsası qoyulandan bəri dünyada bir ilkə imza atıb. Belə ki, 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edərək Təhlükəsizlik Şurası qətnamələrinin icrasını da özü təmin edib.

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı