QHT-lər Gəncəyə toplaşdı-SƏBƏB

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ölkənin insan haqqları, uşaq hüquqları, beynəlxalq arenada iş aparan QHT rəhbərlərinin iştirakı ilə Gəncəyə səfər təşkil olundu. Məqsəd ötən ilin müharibə dövründə ermənilərin öz tərzlərinə uyğun olaraq sivil, silahsız və mahsum insanlara qarşı həyata keçirdiyi terror barəsində ətraflı məlumat vermək, bu terrorun dünya ictimayyətin diqqətinə çatdırılmasında səylərin birləşdirilməsi, yekun bəyanatın aidiyyatı qurumlara göndərilməsi idi. Bu kimi bəyanatın qəbulu və onun beynəlxalq təşkilatlara göndərilməsinin əhəmiyyəti barəsində siz oxuculara geniş məlumat vermək istəyirəm. Yəni düşünməyin ki, 1 ili tamam olan terrorla bağlı niyə indi bəyanat qəbul olundu? Aparılan araşdırmalar zamanı məlum olur ki, ölkə QHT-ləri müharibə zamanında heç də fəaliyyətsiz qalmayıb. Orduya dəstək göstərən bir çox QHT ilə yanaşı erməni vəhşiliyi, onlaraın törətdiyi terroru dünya ictimayyətinin diqqətinə çatdırılması, bu terrorora hüquqi qiymətin verilməsi istiqamətində də davamlı iş aparılıb. Artıq bu yöndə fəaliyyət göstərən beynəlxalq təşkilatlar Gəncə terroru ilə bağlı məlumatlanıb. Ancaq hər zamankı kimi azərbaycanlıların soyqırımına soyuqqanlı qalan beynəlxalq təşkilatlar bu işdə də bir ildən artıq vaxt keçməyinə baxmayaraq əməli addım atmayıb.

Gəncənin yox Azərbaycanın Bəxtiyarı

Balaca, toppuş Bəxtiyarı hamımız tanıyırıq. Gecə yatdıqları yerdə evlərinə düşən uzaqmənzilli raket nəticəsində dağıntılar altında qalaraq üzü-gözü qana bulaşan Bəxtiyar heç birimizin diqqətindən kənarda qalmayıb. Anasının dediyinə görə. Bəxtiyar Heydərli dağıntılar altında qalmağına baxmayaraq azyaşlı bacısına dəstək olub. Onun yanında olduğunu ifadə edib. Və budur bizim ZƏFƏR Gücümüz! Bəxtiyar artıq nəinki gəncəlilərin eyni zamanda bizim hər birimizin fəxridir. Artıq Şəhər İcra Hakimiyyəti tərəfindən Bəxtiyar Heydərlinin ailəsi mənzillə təmin olunub. Gəncəyə səfər zamanı Bəxtiyar da bizimlə birlikdə idi. Kiçik cismində böyük ruh daşıyan Bəxtiyar ona ünvanlanan baxışlara ancaq mesbət enerji, ZƏFƏR baxışları ilə cavab verirdi. Bu baxışların işində isə dərin ifadə saxlanırdı...

 

Gəncədən dünyaya MESAJ

Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərlə bağlı dünyada fəaliyyət göstərən beynəlxalq təşkilatlara, hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə qəbul olunan müraciətdə deyilir: “2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün ərzində Azərbaycan Respublikasının işğalda olan torpaqlarını azad etmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri darmadağın edilmişdir. Ermənistan hakimiyyəti döyüş meydanındakı rüsvay məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçmiş, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri o cümlədən qadın və uşaqları vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşlar. Belə ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalmışdır. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdə rayonunda törədilmiş terror nəticəsində 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir. Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymişdir. Bu sadalanan səbəblərdən, biz, Azərbaycan QHT-ləri, dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildiririk. Biz bu müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət edir, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırırıq”.

Bəli bu bəyanat GƏNCƏ terroruna hüquqi qiymət verilməsi yönündə növbəti addımdır. Və bu addım hələ son deyil. Bu işdə isə qazanan haqq-ədalət olacaq. O haqq-ədalət ki, mənfur düşmənə yaddır. O haqq- ədalət ki. orada uşaqlar qan işində deyil, cənnətdə, hüquqları düşmən tərəfindən pozulmadan yaşayır...

 

Ədil Ədilzadə

Bakı-Gəncə-Bakı