“Müasir dövrdə narkomaniya problemi bütün dünyada, o cümlədən Azərbaycanda da ciddi sosial bəla kimi qiymətləndirilir. Bu problem təkcə bir şəxsin sağlamlığına deyil, ailəsinə, cəmiyyətə və bütövlükdə dövlətin gələcəyinə böyük təhlükə yaradır. Buna görə də gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması olduqca vacib və strateji bir məsələdir”. Bu fikirləri saytımıza “Dayaq” Sosial Maarifləndirmə İctimai Birliynin sədri Hicran Əliməmmədova bildirib.
O deyib ki, antinarkomaniya ruhunda tərbiyə gənc nəsildə sağlam həyat tərzinə maraq oyatmaq, narkotik vasitələrə qarşı mənfi münasibət formalaşdırmaq və onlara psixoloji dayanıqlılıq aşılamq deməkdir: “Bu tərbiyə yalnız qadağalar və cəzalar üzərində deyil, həm də maarifləndirmə, düzgün dəyərlər sistemi və şəxsiyyətin sosial baxımdan formalaşması üzərində qurulmalıdır. Yeniyetmələr yeni təcrübələr yaşamağa maraqlı olurlar və bəzən dost çevrəsinin təsiri ilə yanlış yola düşürlər. Ailə münaqişələri, sevgi uğursuzluğu, tənhalıq və diqqət çatışmazlığı narkotikə meyli artıra bilər. Gənclərin boş vaxtlarının faydalı fəaliyyətlərlə doldurulmaması onları zərərli vərdişlərə yönəldə bilər”.
Hicran Əliməmmədova antinarkomaniya tərbiyəsinin məqsəd və vəzifələrindən də danışıb: “Məqsəd gənclərdə sağlam həyat tərzinə maraq yaratmaqdır. Həmçinin zərərli vərdişlərin qarşısını almaq üçün psixoloji və sosial immunitet formalaşdırmaqdır. Məktəbdə, ailədə və ictimai yerlərdə maarifləndirmə işlərini gücləndirməkdir. Dövlət, QHT-lər və media vasitəsilə gənclərin düzgün istiqamətə yönləndirilməsini təmin etməkdir”.
O deyib ki, kütləvi informasiya vasitələri (televiziya, internet, sosial şəbəkələr) gənclər arasında antinarkomaniya təbliğatında mühüm vasitədir: “Sosial reklamlar, sənədli filmlər, sosial aksiyalar və idman tədbirləri gənclərin diqqətini sağlam həyat tərzinə yönəldə bilər. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması cəmiyyətin gələcəyinin sağlam və təhlükəsiz olmasının əsas təminatıdır. Bu istiqamətdə aparılan hər bir maarifləndirmə işi yalnız bir fərdin deyil, bütöv bir millətin gələcəyinə qoyulan investisiyadır”.